Hazırda Fransanın PSJ komandasında çıxış edən futbolçu Neymarın İspaniya "Barselona"sına qayıdışı mümkünsüzdür.
Offsideplus.az məlumatına görə, bu barədə Kataloniya klubunun prezidenti Xosep Mariya Bartomeu "Radio Kanal Barcelona"ya açıqlamasında deyib. 56 yaşlı funksioner bildirib ki, 27 yaşlı hücumçu ilə ünsiyyətdə olmasına rəğmən, nə onun özü, nə də ətrafından dönüş istəyini eşidib: "Onun PSJ ilə müqaviləsi var. Orada ikinci mövsümünü keçirir və klubun Neymarı satmaq istədiyini təsəvvür etmək çətindir. Komandamızda oynayanda yollarımızı ayırmaqda istəkli deyildik".
Bartomeunun fikrincə, İspaniya klublarının oyunçunun müqaviləsinə təzminat maddəsini mütləq daxil etmələri mənfi haldır: "Çünki Avropa klubları bundan istifadə edə bilirlər. Fransada isə belə şey yoxdur. Buna görə də Neymarın qayıdışı mümkünsüzdür".
Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yəkeçib. Onun Paris təmsilçisi ilə 2022-ci ilin iyuluna qədər müqaviləsi var.