Vaxtı ilə “Real”da birlikdə çalışan Joze Mourinyo ilə İker Kasilyas bir-birlərini ittiham edən açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, Mourinyo haqqında danışan Kasilyas, onun vaxtında “Real”da işlərin yaxşı getmədiyini deyib:

“Mourinyo “Barselona” ilə yarışmaq üçün “Real”a gəldi. Onun rəhbərliyi altında çox stress yaşanırdı. Sevmədiyim bir vəziyyət idi. Onunla üçüncü dəfə çempion olsaq da, işlər yaxşı getmirdi. Bütün futbolçularla münasibəti pis idi. Bu vəziyyət onun üçün, mənim üçün, eyni zamanda, klub üçün yaxşı deyildi. Əslində, Mourinyoya meydan oxuyardım, amma susmağı seçdim. “Real”ın dəyərlərinə hörmət etmək üçün danışmadım”.

Kasilyasın bu sözlərinə portuqaliyalı mütəxəssisin cavabı gecikməyib:

“Bu, tipik, karyerasının sonunda olan birinin verdiyi açıqlamadır. Mənim haqqımda dediklərinə gəlincə, mənə meydan oxumaq istəmədiyini deyə bilmərəm. Hər şeyi gizlicə etdi. Bu baxımdan, həqiqətən, ən yaxşıdır”.

Kasilyas 2010-2013-cü illərdə “kral klubu”nda Mourinyonun rəhbərliyi altında çıxış edib. (komanda.az)