I Liqada 27-ci tura yekun vuruldu. Böyük marafonun sonuncu həftəsində "Araz Saatlı"nı 3:1 hesabı ilə məğlub edən "Şamaxı" yenidən Premyer Liqaya qayıtdı. Niyə əminliklə belə deyirəm? Çünki "münəccimlər"in lisenziya aldığını bilirəm.

Ramiz Məmmədovun komandası keşməkeşli yolları qət etməyi bacardı. İndi onlar dərin nəfəs alaraq, rəhbərlikdən çempionluq mükafatını tələb edə bilərlər. 3 aylıq fasilə müddətində isə "Şamaxı" başbilənləri çox götür-qoy etməlidirlər. Çünki "şirlər" ötən mövsüm yerli futbolçulardan ibarət mübariz komanda formalaşdırsalar da, son turda "Səbail"ə uduzaraq Premyer Liqanı tərk etmişdilər. Əslində bu sistem ölkədə yerli futbolçuların inkişafına böyük təkan oldu. 2022/23-cü "futbol ili"ndə "Şamaxı"da parlayan bəzi oyunçular müxtəlif Premyer Liqa klublarına transfer olundular. Bunun sayəsində "münəccim"lər borclarını bağladılar. I Liqada çempionluq mübarizəsi apara biləcək komanda formalaşdırdılar.

Məndə olan məlumata görə şamaxılılar yeni mövsümdə də yalnız yerlilərdən ibarət kollektiv formalaşdıracaq. Bu, həm yaxşıdır, həm də pis. Əvvəlcə müsbətdən başlayaq. Bu qərar "Şamaxı"nın stabil strategiyasının olduğunun göstəricisidir. Yəni, klub rəhbərliyi çətinliklərlə üzləşsə də, gündə bir qərar dəyişmir. Amma...

Yerli futbolçular seçəndə elə oyunçuların üzərində dayanmaq lazımdır ki, komanda gələn mövsüm axırıncı olmasın. Nəzərə almaq lazımdır ki, 2022/23 mövsümündə "Kəpəz" və "Turan Tovuz" sıfırdan qurulmuşdu. "Səbail"də rəhbər dəyişikliyi olmamışdı. Samir Abasov "Sumqayıt"da oturuşmuş kollektiv formalaşdırmamışdı. İndi isə adları çəkilənlər çox inkişaf ediblər. Hətta stadionsuz, sponsorsuz "Kəpəz" belə komanda olaraq yaxşı futbol sərgiləyir. Gəncə təmsilçisi dövlətin verdiyi maliyyə sayəsində bu mövsüm Konfrans Liqasında iştirak edən "Qəbələ"ni üstələdi. Yəni, "Şamaxı"nı çətin sınaq gözləyir. "Şirlər" "I Liqaya düşən komanda dağılır" mifini dağıtdı. İndi isə hədəf Premyer Liqada qalmaq olmalıdır.

Bunun üçün normal komanda formalaşdırmaq lazımdır. Necə?

Ötən mövsüm klub rəhbərliyi səhv strategiya üzərində dayandı. Bəli, ancaq yerli oyunçularla mübarizə aparmaq yaxşı sistemdir. Amma kimi gəldi komandaya da götürmək olmaz. Ötən mövsüm "Şamaxı"da kimlər parladı? Fuad Bayramov, Rəhman Daşdəmirov, Bahadur Həziyev, Elçin Mustafayev kimi oyunçular köhnə "Keşlə"nin üzvləri idilər. Onlardan başqa Kamran Quliyev bir az parladı. O,da hücumçu idi deyə nəsə edə bildi. Yəni, "Şamaxı"da komandaya can yandıran, klubun strategiyasını başa düşən oyunçuları saxlamaq lazımdır. Bundan əlavə, kollektivi gücləndirən futbolçuları transfer etmək lazımdır. Əsas rəqiblərə lazım olmayanları yox, məhz "Şamaxı"ya fayda vermək ehtimalı olanları tapmaq lazımdır.

"Münəccimlər"in rəhbərləri bunu bacarsa, hər şey yaxşı olacaq. Həm Azərbaycan futbolu, həm də "Şamaxı". "Yerli uşaqlarla nəsə etmək çətindir", - deyə fikirləşərək qorxmayın. Avropada bu sistemdən yararlanaraq uğurlar əldə edənlər var. Məsələn, elə "Atletik" (Bilbao). Bu mövsüm Kral Kubokunun qalibi oldular. "Şamaxı" da olsun bizim "Atletik". Bacarar? Bunu zaman göstərəcək...

İLKİN SULTANLI