Bir çoxları üçün gözlənilməz qərar verildi. Murad Musayev "Sabah"dan ayrıldı.
Təbii ki, buna səbəb "bayquşlar"ın "Qarabağ"a Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda 1:7 hesabı ilə məğlub olması oldu. Belə nəticədən sonra nəsə dəyişməli idi. Seçim baş məşqçidən yana edildi.
Rəsmi məlumatda bildirilir ki, rusiyalı mütəxəssis özü ayrılmaq istəyib. İndiki məqamda bunu əsas informasiya olaraq qəbul edirəm. Çünki "Qarabağ"la oyundan sonra Murad Musayevə belə sual ünvanladım:
"Bu hesab klub tarixinin ən biabırçı məğlubiyyətdir. Hazırkı situasiyaya görə klub rəhbərliyinin, sizin və futbolçuların günahı qədərdir?"
Rusiyalı mütəxəssisin cavabı sadə oldu:
"Hər şeyin günahkarı mənəm".
Bəli, Musayev öz səhvlərini anladı. Əsl peşəkar olduğunu göstərdi. Baş məşqçi başa düşdü ki, Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Partizan"a penaltilər seriyasında məğlub olan komandanın psixoloji durumunu düzəldə bilmir. Premyer Liqaya "Qəbələ"ni 5:0 hesabı darmadağın edərək başlayan "bayquşlar" qeyri-stabil nəticələr əldə edirdi. Serblərə məğlubiyyət Murad Musayevə də təsir etmişdi. Bu mövsüm "Sabah"ın hakimlər tərəfindən ən çox vərəqə göstərilən üzvü məhz baş məşqçidir. Bu isə qəbuledilməz durumdur. Çalışdırıcı öz davranışları ilə futbolçulara örnək olmalıdır. Lakin Musayevin belə aqressiv davranışları Masazır təmsilçisinin durumunu daha da qəlizləşdirirdi.
Komanda böyük ehtimal Azərbaycan Kubokunda mübarizəni dayandırdı. Avrokuboklara vəsiqə qazanmağın tək yolu Premyer Liqada ilk üçlükdə qərarlaşmaqdır. 20 oyundan sonra 26 xal toplayan Masazır təmsilçisi toparlanmalı və əsas rəqiblərini mübarizədən kənarlaşdırmalıdır. Murad Musayev isə bunu bacarmayacağını anlayaraq istefa verdi. Əslində “bayquşlar” çempionatda 3-cülük uğrunda mübarizə aparacaq heyətə sahibdir. Sadəcə, rusiyalının komandanı psixoloji durumdan çıxara bilməməsi kollektivin hazırda 7-ci pillədə qərarlaşmasına səbəb olub.
Bütün bunları anlayan Murad Musayev "Sabah"ın gələcəyi üçün getmək qərarı verdi. Bəlkə də rusiyalı bir qədər səbr edərək vəziyyəti düzəltməli idi. Amma çempionatda əsas rəqibinə 1:7 hesabı ilə məğlub olursansa, getməlisən. Murad Musayev də əsl peşəkarlıq göstərərək “Sabah”la yollarını ayırdı.
FƏRİD ƏSƏDZADƏ