Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürüb.

 Bu "sezon"un daha maraqlı keçəcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Ki, elə ilk turdaca buna şahidlik etməyə başladıq. İki matçda sensasion nəticə qeydə alındı. Bu mövsümü də çempionluqla bitirəcəyi ehtimal olunan "Qarabağ" öz meydanında "Zirə"yə uduzdu - 0:1. Bu, həm də "qartallar"ın Ağdam təmsilçisi üzərində ilk qələbəsi kimi tarixə keçdi.

Digər qarşılaşmada isə "Neftçi" səfərdə "Kəpəz"ə məğlub oldu - 0:1.

Növbəti mövsümə yeni ümidlərlə hazırlaşan "Səbail" isə doğma divarlar arasında darmadağına üzüldü. "Sumqayıt"la oyunda qapısından dörd top buraxan "dənizçilər" acı məğlubiyyətlə üzləşdi - 1:4. Ümumiyyətlə, son vaxtlar "Səbail"də yeni dəyişikliklər də oldu. Həm klubun strukturu, həm də heyətdə dəyişikliklər nəzərə çarpdı. Fəqət paytaxt təmsilçisi ilk turdaca "dizini yerə atdı".

"Səbail"in "Sumqayıt"la oyunu sadəcə fiasko idi. "Dənizçilər" sanki meydanda yox idi. Görüş demək olar ki, matçboyu "Sumqayıt"ın dominantlığı ilə keçdi. Bircə ikinci hissənin əvvəllərində qismən təşəbbüsə yiyələnən "Səbail"in oyununda müsbət çalarlar gözə dəydi. Şahin Diniyevin yetirmələri "kimyaçılar"ı mərkəzə də dəvət etdi. Amma bu da çox çəkmədi. Tezliklə toparlanan "Sumqayıt" "Səbail"in qapısından daha üç top keçirdi. Qonaqların bir qolu isə ofsayd səbəbilə qeydə alınmadı.

Şahin Diniyev isə oyunsonrası mətbuat konfransında "Səbail"in pis gününü yaşadığını bildirdi.

 

Sitat: "Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Nəticə hər şeyi deyir. 38 dəqiqə sıxıldıq, öz oyunumuzu tapa bilmədik. Anlaşma sıfır dərəcəsində idi. Komandanı həmin dəqiqələrdə tanımadım. 38-45-ci dəqiqələr arasında 4-5 qol epizodu yaratdıq. İkinci hissəyə çox yaxşı başladıq. Dalbadal qollar gəlməli idi. Fürsətlərdən istifadə edə bilmədik. Qırılma nöqtəsi penalti idi. Bundan sonra əks-hücumlarda tutulduq. Bu, başlanğıcdır. Komandama möhkəm olmağı tapşırdım. Hələ heç bir faciə baş verməyib. Bu gün bizim pis günümüz idi. Ayağa qalxıb addımlamaq lazımdır. Hər şey normal olacaq. Hesab oyuna görə deyildi. Komandanın gücü var".

Normaldır, təcrübəli mütəxəssis bu rəzalətdən sonra nə söyləməlidir ki? 

Görünür ki, ötən mövsüm dişi-dırnağı ilə elitada qalmağı bacaran "dənizçilər"in pis günü hələ də bitməyib. Deyəsən, "siftə"ni biabırçı şəkildə edən "Səbail"in görəcəkli günləri qarşıdadır...

Offsideplus.az