Şükürlər olsun, klublarda koronavirusla bağlı vəziyyət hər ötən gün yaxşılığa doğru dəyişməkdədir. Artıq “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Sabah” kimi komandalarda aktiv xəstələrin sayı bir əlin barmaqlarının sayı qədər azalıb.

Bu isə o deməkdir ki, 12-ci tura, yəni dekabrın 20-nə qədər baş məşqçilərin işi xeyli asanlaşacaq. Sözsüz, heç də bütün futbolçuların xidmətin yararlana bilməyəcəklər. Bu, elə bir bəladır ki, 5-10 günə düzəlmir. İstər-istəməz müəyyən mənada səbrini tapdamaq məcburiyyətindəsən.

Sözümün canı başqadır. Bəzi baş məşqçilər mətbuata hər açıqlamasında üsyan etməsi. Mövsümün əvvəlində rəhbərliklə söhbətdə “qızıl dağlar” söz verən mütəxəssislər qorxuya düşüb. Ki, bəzi futbolçuların yoxluğunda meydana çıxıb uduzsalar, dünyanın sonu olacaq. Rəhbərlər, dəqiq ifadə etsəm, sponsorların onlara olan inamı itəcək. Kreslo itirmək təhlükəsi onları danışmağa, çempionatın dayandırılması barədə fikirlər bildirməyə əsas verir.

Lakin indiyə qədər heç bir məşqçi məlum duruma görə gənc futbolçuların yolunun açılacağını dilinə gətirməyib. Biri çıxıb demir ki, aparıcı futbolçular olmasa belə, gənclərlə oynayacağıq, təcrübəsi az olanlara şans verəcəyik. Bəlkə aralarında kimlərsə parlayar, mövsümün kəşfi sayılar. Elələrini Azərbaycan futbolunun gələcəyi, gənc futbolçuların üzə çıxması yox, nəticə, uğur, qısası, öz adları maraqlandırır.

Olmaz! Belə etməyin! Onlar da sizin övladlarınızdır. Onlar da futbol oynamaq, premyer-liqada təcrübə toplamaq, bununla da milliyə yüksəlmək istəyir. Özünüz də cavan olmusuz, ehtiyatda “çürüməyin” nə olduğunu görmüsüz, bilirsiz. Bir anlıq özünüzü onların yerinə qoyub hansı hisslər keçirdiklərini təsəvvür edin. Ona görə də yollarını açın, canlı divar kimi qarşılarında dayanmayın!

Oyunlara qədər çalışdırdığınız komandalarda yenə kütləvi yoluxmalar yaşansa, lütfən, üsyan etməyin. Qorxmadan, çəkinmədən o uşaqlara şans verin və bununla qürur duyun. O uşaqlarla 0:5, lap 0:10 hesabı ilə uduzsaz, yenə fəxr edin. Sinənizi irəli verib, gördüyünüz işi önə çəkin, Azərbaycan futbolunun gələcəyi üçün çalışdığınızı əməldə sübut etdiyinizi göstərin. Oldu?

HƏBİB