Avropa Liqasında mübarizəni dayandıran "Zirə" bu gün Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Rəqib Slovakiyanın "DAC 1904" klubu olacaq. "Şerif"lə matçda penaltilər seriyasında məğlub olan komandanın son ümidi Konfrans Liqasıdır. Ötən mövsüm olduqca uğurlu çıxış edən Rəşad Sadıqovun kollektivi üçün tanış olmayan rəqibin gücü barədə aşkar nəsə demək olmaz. Mütəxəssislər şansları 50/50-ə qiymətləndirir. Kollektivin heyətinin ümumi dəyəri 14.9 milyon avrodur. "Transfermarkt"ın dəyərləndirməsinə görə, ən bahalı oyunçuları isə qolkiper Aleksander Popoviçdir (2 milyon avro). Heyətin 4 üzvü milli komandaya dəvət alır.
Klub səviyyəsində bu ölkənin təmsilçiləri ilə ümumilikdə 8 rəsmi matçda qarşılaşmışıq. Azərbaycan komandaları bu oyunların 2-də qalib gəldiyi halda, 5 oyunda meydanı məğlub tərk ediblər. 1 matç isə heç-heçə başa çatıb.
Bizim üçün yad rəqib olsa da, Rəşad Sadıqov rəqibi olduqca yaxşı təhlil edib. Mütəxəssis oyundan əvvəl keçirilən mətbuat konfransında bu barədə məsələyə toxundu. Amma bütün hallarda rəqib sirrli qutudur. "Zirə" öz oyununu oynayacağı təqdirdə, növbəti mərhələ onlara "yaşıq işıq" yandıra bilər.