"Sabah çətin və vacib matça çıxacağıq. UEFA Konfrans Liqasının bu mərhələsində asan rəqib yoxdur. Oyun bizim üçün vacibdir. Sabaha qədər bir məşqimiz var. "Gent"ə qarşı yaxşı mübarizə aparmağa çalışacağıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun futbolçusu Marko Yankoviç Konfrans Liqasının pley-off mərhələsində Belçikanın "Gent" komandası ilə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Monteneqrolu oyunçu çempionatdakı nəticələrin avrokuboklara təsir etməyəcəyini söyləyib: "Fərqli oyun, fərqli atmosfer olacaq. Bizdə yüksək motivasiya var. Azarkeşlər önündə qələbə üçün əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Gent" oyunu saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Belçikada olacaq.