"Fehervar" klubunun kapitanı Attilla Fiola Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ" ilə sabah evdə keçirəcəkləri ilk matç barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı müdafiəçi oyundan əvvəl təşkil olunan mətbuat konfransında təmsilçimizlə görüşün çətin keçəcəyini söyləyib:
"Bu dəfə hazırlığımız daha uzun çəkdi. Yoxlama oyunlarımız yaxşı keçdi. Əminəm ki, "Qəbələ"yə qarşı da belə çıxış edəcəyik. Bizi "Qəbələ" ilə çətin oyun gözləyir. Çünki indi beynəlxalq səviyyədə asan matçlar yoxdur. Ümid edirik ki, mövsüm ötənilkindən daha yaxşı olacaq. Avrokuboklarda uğursuzluq olsa, ölkə çempionluğu üçün mübarizə aparacağıq. Mövsümü ən azı 2-ci pillədə bitirmək istəyirik".
Xatırladaq ki, sabah "Mol Arena"da oynanılacaq "Fehervar" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında cavab oyunu 1 həftə sonra Qəbələdə olacaq.