UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Keşlə" cavab oyununda "Soçi"yə 2:4 hesabı ilə (Ümumi hesab: 2:7) uduzub və avrokboklarda mübarizəni dayandırıb.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında komandanın baş məşqçisi Sənan Qurbanov fikirlərini bölüşüb.
- Rəqibdən fərqli olaraq sizin müdafiənizdə ciddi problemlər var idi. Hətta bir qol sırf bu mövqədə edilən səhvə görə vuruldu...
- Futbolçulara tapşırmışdım ki, cinah və uzun ötürmələr zamanı diqqətli olsunlar. Amma nədən qorxurduqsa, o da başımıza gəldi. Analizlər zamanı qeyd etdiyimiz bütün epizodları rəqib bizə tətbiq etdi. Amma biz komanda şəklində həm müdafiə olunmaq, həm də hücum qurmaq istəyirik. Yenə deyirəm ki, bizi müzakirə etdiyimiz epizodlarla məyus etdilər.
- Artıq 3-cü mövsümdü ki, "Keşlə"nin müdafiə xəttində eyni futbolçular yer alıblar. Rəhbərlikdən bu mövqeyə transfer edilməsini tələb etmisiz?
- Bu oyundakı məğlubiyyəti tək müdafiəçilərə bağlamaq istəməzdim. Hamının səhvi oldu. Əsas günahkar da mən idim. Müəyyən büdcə ayrılmışdı. Komandanı çox futbolçular tərk etdi. Hücum xəttində çox boşluqlar var idi. Biz də bacardığımız qədər buranı gücləndirdik. Transfer pəncərəsi zamanı bacardığımızı etdik. Amma müdafiə xəttinə oyunçular ala bilmədik. Sadəcə öz futbolçularımızın müqavilələrini yenilədik. Amma tək müdafiəçilərə görə yox, komanda olaraq uduzduq.
- Mediada məğlubiyyətlərə görə ən çox sizi qınayırlar. "Keşlə"nin Konfrans Liqasını tərk etməsinin günahkarı sizsiz?
- Əlbəttə! Komanda məğlub olursa, günahkar məşqçidi. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Komandanı hazırlayan şəxs mənəm. Bu səbəbdən də əsas günahkar mənəm. Gələcəyə baxmaq lazımdı. Bizim üçün bu, təcrübə idi. Oyundan qabaq da "Soçi" favorit görsənirdi. Onlar Rusiya premyer-liqasında mükafatçılar sırasına düşüblər. Biz də bu dönəm üçün bacardığımız qədər hazırlıq keçə bildik. Təlim-məşq toplanışını Bakıda keçirdik. Bəlkə də az yoldaşlıq görüşü keçirməyimiz bizə problem yaratdı. Futbolçularımı buna görə günahlandırmaq istəmirəm. Əlimizdən gələni etdik. Amma yenə də məğlubiyyətə görə bütün məsuliyyət mənimdədi.
- Bu nəticə sizin gələcək karyeranıza təsir edə bilər?
- Bu, futboldu. Hər şey ola bilər. Əgər məğlub olmuşuqsa, günah məndədi. Rəhbərlik mənlə davam etmək istəməsə, buna hörmətlə yanaşaram. Çünki bütün məğlubiyyətlər acıdı. Mən istənilən halda heç bir futbolçunu günahlandıra bilmərəm. Çünki baş məşqçiyəm. Onları mən meydana çıxarıram. Əvvəlcədən hansısa futbolçunun komandada qalmasına razı olmuşamsa, ondan şikayətçi ola bilmərəm. Bütünoyunçularıma güvənirəm. Rəhbərlik qalmağımı istəsə, yolumuza davam edəcəyik. İstəməyəcəklərsə, bununla razılaşacağıq. Çalışacağıq ki, səhvlərimizdən nəticə çıxaraq.
- Rəhbərlik müdafiə xətti üçün yeni transfer etməyinizə razı olacaq?
- Maliyyəmiz bitib. Daha transfer edə bilməyəcəyik. Artıq büdcəmiz yoxdu. Hansısa futbolçunu ancaq baxışa dəvət edə bilərik. Onu da az məbləğə oynamağa razı sala bilsək, transfer edəcəyik. Amma heç kim razı olmur. Qalıb, öz komandalarında oynamaq istəyirlər. Bizim üçün transfer məsələsi demək olar ki, bitib.
- "Keşlə" çempionata neçə faiz hazırdı?
- 2 həftə vaxtımız var. Komandamız bu iki matçda yaxşı təcrübə topladı. Futbolçularım əziyyət çəkdilər. Bu, bizim üçün Premyer Liqaya hazırlaşmaq baxımından yaxşı oldu. Belə rəqiblərə qarşı yoldaşlıq görüşləri keçirsəydik, daha yaxşı olardı. Komanda futbol oynaya bilir. Bu, artıq nədənsə xəbər verir. Vaxtımız var. Yoldaşlıq oyunlarında qüvvəmizi sınamaq istəyirik. Həmin vaxta kimi 70-80 faiz hazır olacağıq.
- Rəhbərlik gələn mövsüm üçün qarşınıza hansı məqsədi qoyub? Premyer-liqada mükafatçılar sırasına düşmək, yoxsa yenə kubokun qalibi olmaq?
- Heç kim mübarizədən məğlub ayrılmaq istəmir. Məqsədimiz yaxşı kollektiv formalaşdırmaqla yanaşı, nəticə əldə etməkdi. Hər uğurun başında yaxşı oyun nümayiş etdirmək dayanır. Çalışacağıq ki, yüksək pillələr üçün mübarizə aparaq (Football-plus.az).