Misli Premyer Liqasının XXII turunda baş tutan "Qarabağ" - "Sabah" matçından (1:1) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov  jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, 50 yaşlı mütəxəssis qapı mövqeyi barədə fikirlərini bölüşüb:

"Düşünsək ki, "Gent"lə oyuna Aminlə çıxmağa qorxuruq, yox qorxmuruq.  Heç vaxt qorxmamışıq. "Gent" yaxşı komandadı, yaxşı liqada oynayır, keyfiyyətli futbolçuları var. Hansı oyunçu ilə də meydana da çıxsaq, istənilən rəqibin üzərinə getməyi qarşımıza məqsəd qoymuşuq. Hansısa oyunu böyük hesabla uduza da bilərik. "Qarabağ"da əvvəllər gənc futbolçularla çox güclü klubların qarşısına çıxmışıq. Meydana kim çıxırsa, ona güvənirəm, inanıram. Heç nədən çəkinmirik".

Q.Qurbanov "Qapıda Amin Ramazanova şans verirsiz. Bu, onu "Gent"lə oyuna hazırlamaq anlamına gəlir?" sualına belə cavab verib:

"Bugünkü heyət o demək deyil ki, "Gent"lə matça belə çıxacağıq. Rəqibin oyunlarına baxacağıq. Ondan sonra qərar verəcəyik. Elə anlar var ki, biz tələsməli deyilik. Hər bir futbolçunun "Gent"lə qarşılaşmada oynamaq ehtimalı var. Qarşıdakı günlərdə baxacağıq kim hansı səviyyədədir. Musa da olsa, Amin də olsa, nə vaxtsa bu oyunun gücünü hiss etməlidir".

Qeyd edək ki, “Qarabağ” – “Gent” matçı fevralın 16-sı saat 21:45-də "Tofiq Bəhramov adına Respublika stadionu"nda baş tutacaq.

Xatırladaq ki, zədəli durumda olan qapıçı Şahruddin Məhəmmədəliyevin adı "Gent"lə oyunun iştirak ərizəsinə salınmayıb. Əvəzində "Qarabağ" Luka Quqeşaşvili, Amin Ramazanov və "Qarabağ-2"nin qapıçısı Ayhan Arazlını sifariş edib.