"Oyunu axıra qədər izlədim. Artıq ilk dəqiqələrdən baş hakimin (oxu: Morten Krox) "Qarabağ"a qarşı münasibəti açıq-aşkar görünürdü. Həm referi, həm də briqadanın işi ən aşağı səviyyədə idi. Baş hakim köməkçilərini gec görürdü. Görəndə də, reaksiya verməyə ləngiyirdi. Ümumiyyətlə, kənardan müşahidə edəndə hiss olunurdu ki, çox naşı briqadadır. Əgər onlar bu səviyyədə oyunu belə idarə edirlərsə, daha çətin matçlarda heç nə edə bilməzlər".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Azərbaycanın sabiq FİFA referisi Əfqan Həmzəyev dünən UEFA Avropa Konfrans Liqasının H qrupunda keçirilən "Qarabağ" - "Omoniya(Kipr) oyununda görüşün baş hakimi Morten Kroxun Ağdam təmsilçisinin əleyhinə qəbul etdiyi qərarları şərh edərkən deyib.
O, mübahisəli penalti epizodları barədə bunları deyib: "Qarabağ"ın iki dənə yüz faizlik penaltisi verilmədi. Zubirin yıxıldığı epizod tərtəmiz 11 metrlik cərimə zərbəsi idi. Hakim də yaxında idi, hər şeyi görürdü. Bu məqamda verdiyi qərar onun vicdanına və ya vicdansızlığına qalıb. Oyunçu topu irəli atıb və rəqibi keçir. Orada özünü yerə atmaq kimi fikri də yoxdur. Rəqib oyunçu isə Zubirə badalaq verir. Topu itirməmişdi ki, yıxılsın. Artıq rəqibdən sıyrılıb qapıçıyla təkbətək qalacaqdı. Birmənalı şəkildə penalti və rəqibə sarı vərəqə verilməli idi. İkinci penalti isə sonradan meydana daxil olan rəqib müdafiəçinin əllə oynamasına görə verilməli idi, amma burada da Kroxun fiti susdu. Əvvəllər belə idi ki, top bədənin hər hansı hissəsindən gəlib ələ dəyirdisə, bu, qayda pozuntusu hesab edilmirdi. Ancaq son Avropa çempionatından sonra bu qərar dəyişdirildi və hər kəs bildi ki, top bədənin digər nahiyələrindən gəlib ələ dəyirsə və sürəti yavaşlayıb, istiqaməti dəyişirəkk rəqibə gedib çatmırsa, birmənalı şəkildə cərimə zərbəsi ilə dəyərləndirilməlidir. Məsələn, dünən "Omoniya"nın futbolçusu kənardan ötürülən topu əvvəl sağ əli və dizi, ardınca da sol əliylə dizi arasında saxlayaraq sürətini azaltdı. Daha sonra isə topu cərimə meydançasından uzaqlaşdırdı. Hansı ki, həmin top ondan keçsəydi, artıq Kadi boş vəziyyətdə gözləyirdi. Dediyim budur ki, iki tərtəmiz penalti verilmədi".
Həmzəyev ikinci hissədə "Qarabağ"ın vurduğu qolun oyundankənar vəziyyət səbəbiylə ləğv olunması qərarını da şərh etdi: "Bu qərarla razıyam. Birmənalı şəkildə oyundankənar vəziyyət var idi. Hamı elə fikirləşə bilər ki, yan xəttə hakimi birinci epizoda görə bayrağını havaya qaldırdı, xeyr. Söhbət ikinci epizodda Vadjinin qapıçının qarşısını kəsməyindən gedir. Maraqlı bir nüansı da qeyd edim ki, əgər rəqib qolkiper qapı xəttindən içəridə dayanıbsa və Vadji də adi oyun epizodu olaraq onun qarşısını bilməyərəkdən kəsirsə, burda oyundankənar vəziyyət verilməyə də bilər. Əgər laysman həmin anda bayrağını qaldırıbsa, onu dəstəkləmək də olar. Ancaq Vadjinin qapıçının qarşısını kəsmək kimi məqsədi yox idi. O, heç topu da görmürdü. Özündən asılı olmayaraq həmin epizoda girdi və artıq ordan qaçmaq istəyəndə, komanda yoldaşı topu qapıdan keçirdi".
Sabiq referi Morten Kroxun bu görüşdə qarşı "Qarabağ"a qarşı qərəzli olub-olmadığı barədə də danışdı: "Ağlıma min cür fikirlər gəlir. Yadınızdadırsa, Avropa Liqasının qrup mərhələsində Bakıda "Qarabağ"la "İnter"(İtaliya) arasında keçirilən görüşdə baş hakim Miroslav Zelinkanın etdiyi hərəkətləri bütün dünya gördü. Ağdamlıların tarixi ərzində ilk dəfə qrupdan çıxmaq şansının qarşısını bilərəkdən aldı. Dünənki matçın hakimi və Avropadan - Danimarkadan gəlmişdi. Sizə açığını deyim ki, bu gün dünyanın istənilən yerində erməni lobbisi güclü fəaliyyət göstərir və düşünürəm ki, burda da onların "barmağ"ı ola bilər. "Qarabağ"ın qrupdan çıxmasını heç bir erməni istəməz, nə də ki, arzulamaz. Ola bilsin ki, oyunun hakim təyinatından xəbərdar olan lobbiləşmiş ermənilər olub. İnsanın ağlına xeyli düşündürücü məqamlar gəlir. Çünki baş hakimin hərəkətlərindən sezmək olurdu ki, onun "Qarabağ"a qarşı prinsip aparır. Prinsipiallığı o idi ki, təmsilçimizin xeyrinə heç bir qərar qəbul etmək istəmirdi. Hətta adi qayda pozuntularında "Qarabağ"ın oyunçularının üstünə qaçaraq, sərt şəkildə xəbərdarlıq edirdi. Ancaq rəqib komandanın futbolçuları eyni tərzdə qayda pozuntularına yol verəndə, heç bir reaksiya vermirdi.
Bir misal da çəkim. İkinci hissədə referinin "Omoniya"nın oyunçusuna növbəti sarı vərəqəni verib, meydandan qovduğu epizoda nəzər salaq. Deməli, əgər həmin futbolçunun passivində "sarı"sı olmasaydı, açıq ayaqla Kadi Borgesin dizinə zərbə endirməyinə baxmayaraq, meydandan qovulmayacaqdı?! Həmin epizod birbaşa qırmızı vərəqə idi. Hələ onun simasına fikir verərdiniz. Sanki sifətində elə bir əzab var idi ki, rəqibi məcburi şəkildə meydandan qovur. Sizi inandırım ki, həmin oyunçunun sarı vərəqəsi olmasaydı, Krox ona birbaşa "qırmızı" verib qovmayacaqdı. Onun bunu etmək kimi fikri yox idi. Hələ məncə, onun yadından çıxmışdı ki, həmin futbolçuya əvvəl "sarı" göstərib. Doğrudan da, insanın əsəblərinə toxunur ki, bu qədər də tərəfkeşlik, qərəzlilik olmaz. Amma dünənki oyunun hakim-inspektoru Kroxa elə bir qymət yazacaq ki, o, "qabağa gedəcək". Əgər bütün stadionun gözü qarşısında olan epizodu sən görməzlikdən gəlirsənsə, deməli, qərəzlisən".
Daşqın Əziz