“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Omoniya”ya (Kipr) qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, 49 yaşlı mütəxəssis sabahkı matçla bağlı bunları deyib:

“Son vaxtlar bu ölkəyə tez-tez gəlirik. Yenidən burda olmaq mənim üçün xoşdur. Qarşılaşdığımız hər komandanın öz oyun fəlsəfəsi var. “Omoniya” həmin rəqiblərdən bir az fərqlidir. Sabah meydanda daha çox düşünmək lazım gələcək. Burda yaxşı oyun göstərmək istəyirik. Meydanda əlimizdən gələni edəcəyik. Bu komandaya qarşı həm ehtiyatlı olmalı, həm də 90 dəqiqə ərzində rəqibi nəzarətdə saxlamalıyıq. İnanıram ki, sabah ən yaxşı matçlarımızdan birini keçirəcəyik.

Kipr komandaları meydanda böyük xarakter göstərirlər. Bu rəqiblərə qarşı çox diqqətli və istəkli olmalıyıq. Son vaxtlar APOEL-lə bəzi oyunlarda qələbə qazanmışıq, bəzilərində uduzmuşuq. Amma hər bir görüş azarkeşlər üçün maraqlı olub. Futbolçularım bu matçlarda sonadək mübarizə aparmağı hiss etdilər. Onlar üçün böyük faydası oldu.

“Omoniya” öz oyun dəsti-xətti ilə seçilən komandadır. Oyun ərzində bunu meydanda göstərməyə çalışırlar. Qarşımızda baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirə bilən bir kollektiv var. Komanda oyununa üstünlük verən rəqibə qarşı mübarizə aparacağıq. Bu, “Omoniya”nın ən üstün tərəflərindən biridir. Heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular var".

Qeyd edək ki, Nikosiyadakı GSP stadionunda baş tutacaq “Omoniya” – “Qarabağ” matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək.