Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması olan "Sumqaylt" - "Çukariçki" (0:2) matçından sonra mətbuat konfransı keçirilib.
Offsdeplus.az xəbər verir ki, jurnalistlər önünə "kimyaçılar"ın baş məşqçisi Ayxan Abbasov çıxıb. Abbasov oyunla bağlı bunları deyib: "Verdikləri dəstəyə görə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Təəssüf ki, onları sevindirə bilmədik. Rəqib qapımıza sadə qollar vurdu. Belə başlanğıc istəmirdik. Erkən qollar planlarımızı pozdu. İkinci yarıda komandamın çıxışından razı qaldım. Çatışmayan qol idi. 1 qol vursaydıq, bəlkə də hesabı bərabərləşdirmək də mümkün olardı. Komandam avrokuboklarda çıxış edə-edə təcrübə toplayır. Belə oyunları bəzi futbolçularımız üçün böyük təcrübə hesab edə bilərik. Fikrimcə, bu rəqibi keçmək olardı. Heyət baxımından güclənmək vacibdir. Həvəsdən düşmədən diqqətimizi çempionata yönəltməliyik".
- Vaxtında transferlər edə bilmədiyinizə görə təəssüflənirsiniz?
- Yenilgidə əsas səbəb kimi transferləri göstərə bilmərəm. Sevindirici məqam heyətimizi qorumağımız idi. Bu gün əsas istəyimiz həm heyətdəki gəncləri inkişaf etdirmək, həm də "Sumqayıt" Futbol Akademiyasının yetirmələrini yetişdirməkdir. Rüfətin və digər gənclərin qarşısını kəsmək istəmirəm. Onlar şans qazanmalı, oynamalıdırlar. Bu turnir və yenilgi çempionatda daha yaxşı oynamağımıza kömək edəcək.
- Oyun yenidən keçirilsəydi, yenə eyni heyət və taktiki tapşırıqla başlayardınız?
- Oyuna elə hazırlaşa, elə köklənə bilərsən ki... Lakin bir anda baş verən hadisələr hər şeyi kökündən dəyişə bilər. Fikir verdinizsə, buraxılan qollara qədər oyuna nəzarət edir, hücumlar qurmağa çalışırdıq. Rəqibin əks-hücumu zamanı müdafiədəki ani diqqətsizlik belə bir vəziyyətin yaranmasına səbəb oldu.