"Göygöl" klubu futbol üzrə Azərbaycan çempionatının II Liqasının XIV turunda məğlubiyyətlə üzləşib.

Offsideplus.az xəbər verir ki, Göygölün eynidlı təmsilçisi doğma meydançada "Saatlı-Araz"a məğlub olub - 2:3.

Hərçənd matçda hesabı məhz meydan sahibləri açıblar. Belə ki, 9-cu dəqiqədə "Göygöl"ün kapitanı Ülvi Cəlilov penalti zərbəsini dəqiq yerinə yetirib. Ancaq fasiləyədək "Saatlı-Araz" Elariz Xəlillinin qolları sayəsində (11-ci və 43-cü dəq.) hesabda önə çıxıb.

İkinci hissədə tərəflər hərəyə 1 dəfə fərqləniblər. Fasilədən qayıdan kimi "Saatlı-Araz"dan Elnur Səmədov hesabı 3:1-ə çatdırıb. Oqtay Məmmədovun final fitinə iki dəqiqə qalmış vurduğu qol isə "Göygöl"ü məğlubiyyətdən xilas etməyib. 

Qələbə sayəsində "Saatlı-Araz" 25 xalla 5-ci pilləyə yüksəlib. "Göygöl" 11 xalla 14 kollektiv arasında 10-cudur.

XIV tura sabah yekun vurulacaq.