I Liqanın ilk turunda keçiriləcək oyunların cədvəli açıqlanıb.
"İmişli" "Baku Sportinq"i Tovuz şəhər stadionda qəbul edəcək. Bu, bir çoxları tərəfindən təəccüblə qarşılaşıb. Görəsən, "Baku Sportinq"in bu məsələyə münasibəti necədir?
Sualımıza cavab tapmaq üçün klubun meneceri Araz Əhmədova müraciət etdik. Paytaxt təmsilçisinin rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Komandamız ilk oyuna tam hazırdır. Əlbəttə ki, "İmişli"nin bizi doğma meydanında, azarkeşləri qarşısında qəbul etməsini istəyərdik. Lakin məlum səbəblərdən Tovuza getməli olacağıq. Rəqibin stadion seçiminə və PFL-in qərarına hörmətlə yanaşırıq.
Burada iki əsas məqam var. Hazırlıqlarımızı klubumuza aid təbii ot örtüklü Buzovna qəsəbə stadionunda keçmişik və hazırda da orada məşq edirik. Oyun isə suni örtüklü meydançada olacaq. İkincisi isə məsafədir. Tovuz İmişliyə nisbətən daha uzaqda yerləşir. Ancaq oyunun Tovuzda keçirilməsindən narazı deyilik. Əsas odur ki, komandalar meydana çıxaraq öz oyunlarını göstərsinlər."