"Çempionatın ilk turları rəqibin gücündən aslı olmayaraq həmişə çox çətin olur. "Difai" haqqında məlumatımız var. Onlarla yoldaşlıq görüşümüz də baş tutub. Yaxşı kollektiv formalaşdırıblar. Oyun üslublarına müəyyən qədər bələdik. Komandamı qarşılaşmaya yaxşı kökləyərək meydana üç xal qazanmaq üçün çıxacağıq". 

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Cəbrayıl"ın baş məşqçisi Elhad Nəziri I Liqanın ilk turu çərçivəsində "Difai Ağsu"ya qarşı keçiriləcək matç haqqında danışarkən bildirdi. 

Bölgə təmsilçisinin çalışdırıcısı klubun maddi problemləri haqda da danışdı:

"Komandamızı çempionata hazırlamaq üçün əlimizdə olan bütün imkanlardan istifadə edirik. Maddi məsələlərlə bağlı liqaya təlim-məşq toplanışı keçmədən qoşuluruq. Buna baxmayaraq komandanı həm fiziki, həm də taktiki cəhətdən ən yaxşı formada hazırlamağa çalışırıq. Ən böyük problemimiz AFFA-nın ayırdığı məbləğin kifayət etməməsidir. Çünki, işçi heyəti, klubun yol xərcləri, futbolçulara ayrılacaq pullar və s. amillər var. Oyunçular kluba aşağı qiymətə gəlmirlər. Rəhbərlik tərəfindən komandanın strategiyası gənc oyunçularla davam etməkdir. Kluba sponsor, maliyyə dəstəyi çox vacibdir. Komandada cəmi 18 oyunçu var. Maliyyə dəstəyi olmasa, məcburuq ki, yeni oyunçu cəlb etmədən yalnız bu futbolçularla davam edək".

Mütəxəssis əsas hədəflərinin çempionatda qalmaq olduğunu qeyd etdi:

"Heyət 20, 21, 22 yaşlı gənclərdən ibarətdir. Rəhbərlik tərəfindən qarşımıza əsas məqsəd kimi çempionatda qalmaq qoyulsa da, gənclərimizin potensialından maksimum dərəcədə istifadə edib yüksək pillələr uğrunda mübarizə aparacağıq. Üzərimizə düşən vəzifəni ən mükəmməl formada icra etməyə çalışacağıq".