"Vernerlə bağlı "Çelsi"dən heç bir təklif almamışıq. Əsas məqsədimiz bu il də Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Verner də klubumuzun ayrılmaz parçasıdır"
Offsideplus.az xəbər verir ki, bu sözləri "Leypsiq" klubunun direktoru Oliver Mintslaff deyib. Klub rəsmisi son günlər Timo Vernerin Londonun "Çelsi" klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlər barədə danışıb. O bildirib ki, qarşı tərəfdən Verner üçün heç bir təklif gəlməyib. Mintslaff əsas məqsədlərinin UEFA Çempionlar Liqasında iştirak etmək olduğunu, və iyun ayının ortalarına qədər transferlə bağlı heç bir danışığın aparılmayacağını və qərar qəbul etməyəcəklərini bəyan edib:
"Verner hazırda "Leypsiq"in oyunçusudur, və əsas məqsədimiz Bundesliqada ən yaxşı yerlərdən birini tutub Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Hazırda Vernerlə danışdığımız yeganə məsələ də budur. Əgər Timo klubdan ayrılmağa qərar versə belə, mövsümün sonuna qədər "Leypsiq"də qalacaq. Bu məsələni ancaq Çempionlar Liqası bitdikdən sonra müzakirə edəcəyik. İyun ayının ortalarına qədər ümumiyyətlə bu barədə heç bir danışıq aparılmayacaq"
Qeyd edək ki, Avropa mətbuatında artıq Vernerin "Çelsi" ilə anlaşdığı yazılırdı. "Zadəganlar"ın 24 yaşlı hücumçu üçün qarşı tərəfə 55 milyon avro ödəyəcəyi bildirilir.