FIFA Azərbaycan yığmasının hücumçusu Mahir Emrelini cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə 25 yaşlı hücumçunun sabiq klubu olan "Legiya" (Polşa) komandasının hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski özünün rəsmi tviter səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, hazırda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Mahir Varşava təmsilçisi qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya olunub.
Həmçinin FİFA Futbol Tribunalı Emrelinin "Legiya"ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb. Bildirilib ki, borcunu qaytaranadək onun futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub.
Qeyd edək ki, Mahir Emreli 2021/2022 mövsümünün birinci yarısını "Legiya"da keçirib. 2021-ci il dekabrın 12-də paytaxt təmsilçisi Plotsk "Visla"sı ilə Ekstraklasanın XVIII tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Emreli və Lukinyası döyüblər. Nəticədə azərbaycanlı futbolçu klubdan ayrılmağı qərara alıb və Zaqreb "Dinamo"suna keçib.