Son 24 saat ərzində "Neftçi"nin Müşahidə Şurasının sabiq üzvü Bəhram Bağırzadənin səhhətində az da olsa stabillik yaranıb.

Offsideplus.azbunu COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının "Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

O bildirib ki, EKMO, yəni ağciyər və ürəyin funksiyalarını yerinə yetirən cihaza bağlandıqdan sonra Bəhram Bağırzadənin dinamikasında az da olsa müsbət gedişat hiss edilib.

Rəşad Mahmudov qeyd edib ki, uzun proses olsa da, ağciyərdəki zədənin geri qayıtma ehtimalı var. Əgər bu hal baş versə və digər orqanlarda da problem yaranmasa, onun səhhətinin düzələcəyinə şans var.

Bundan başqa, bir neçə il əvvəl "quş qripi"nə yoluxmuş və eyni vəziyyətdə olan xəstənin sağalması Əməkdar artistin də səhhətinin normallaşmasına ümid yaradır. Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı bütün məsələlər günlük olaraq yerli və beynəlxalq ekspertlərlə müzakirə edilir.

Əməkdar artist Bəhram Bağırzadə iyunun 13-də vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub.

Burada xəstənin EKMO cihazına qoşulmasına qərar verilib. Əməkdar artistin müalicəsi birbaşa olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.