“İstədiyimiz nəticəni əldə etdik, amma tam qane etmədi”.

Offsideplus.az xəbər verir ki, bunu futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb:

“Komandada yorğunluq var idi. Topun hərəkətində vertikallıq çatışmırdı. İstədiklərimizi həyata keçirməkdə çətinlik çəkirdik. Futbolçulara demişəm ki, intensiv oynamaq lazımdır, amma bu gün bunu yetərincə etmədik. Rəqibi çətin vəziyyətə sala bilmədik, çünki yorğunluq hiss olunurdu. Sevincdən göylərə qalxmayacağam. Daha çox qol vura bilərdik. Futbolçularımızdan hər oyunda qələbə gözləyirik. Belə matçlar hər zaman mürəkkəb olur. Rəqib hücumlarımızın qarşısını bloklaya bilirdi”.

Mütəxəssis Fransa yığmasının 1995-ci ildə Azərbaycana qarşı keçirdiyi oyunla bağlı sualı belə cavablandırıb:

“Azərbaycana qarşı oyun uzun illər əvvəl olub. Səhv etmirəmsə, Oserdə oynayırdıq. O vaxtı indiki oyunçularım dünyaya gəlməmişdi. Futbolçulara vaxt vermək lazımdır, gəncdirlər”.

Qeyd edək ki, Fransa - Azərbaycan oyunu milli komandamızın 0:3 hesablı məğlubiyyəti ilə bitib.