FIFA Şurasının keçirilmiş son iclasında 2025-2029-cu illər dövrü üçün FIFA-nın Daimi Komitələrinin sədrləri, sədr müavinləri və üzvləri təyin edilib.

Offsideplus.az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf 2025-2029-cu illər dövrü üçün FIFA-nın Kommersiya və Marketinq üzrə Məsləhət Komitəsinin üzvü təyin olunub. AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva isə Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü seçilib.

Qeyd edək ki, FIFA-nın 74-cü Konqresində təsdiqlənmiş dəyişikliklərə əsasən, ali futbol qurumunun Daimi Komitələrinin yenidən qurulması qərara alınıb. Bu addımın məqsədi FIFA-nın qlobal miqyasda artan fəaliyyət və məsuliyyət səviyyəsini nəzərə alaraq, daha çox üzv-assosiasiyanın qərar qəbuletmə proseslərində iştirakını təmin etməkdir. Yeni təyinatlar FIFA-nın yenilənmiş idarəetmə modelinin tərkib hissəsi kimi, beynəlxalq futbol idarəçiliyində daha geniş iştirakçılıq və gender balansının təmin edilməsinə yönəlib.