“Sənədlərimdə problem olduğuna dair nəsə eşitməmişəm”.

Offsideplus.az xəbər verir ki, bunu Sumqayıt" komandasının qapıçısı Mehdi Cənnətov "Şamaxı"ya qarşı oyundan sonra jurnalistlərə açıqlamasında söyləyib.

33 yaşlı qolkiper İslandiya və Ukraynaya qarşı dünya çempionatının seçmə mərhələ oyunları üçün Azərbaycan yığmasına dəvət almamasına münasibət bildirib. 

Cənnətov sənədlərində problem olması məsələsinə də aydınlıq gətirib: “Açığı, bunu şərh etmək mənim üçün çətindir. Buna görə də şərhsiz keçinirəm. Ən yaxşısı, gərək vəziyyəti öyrənim.

 Kimin millidə olacağına baş məşqçi qərar verir. O, çempionatı izləyir, yəqin ki, kimi çağırmağın gərəkliyini, kimin faydalı olacağını görür, bilir. Buna görə də milliyə yalnız uğurlar arzulaya bilərəm.

Mənim pasportum AFFA-dadır. Qalan məsələləri bilmirəm. Ola bilsin, həqiqətən də çatdıra bilməyiblər”.

Qeyd edək ki, ötən gün baş tutan mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş M.Cənnətovun sənədlərində problem yaşadığını və bu səbəbdən heyətə çağrılmadığını bildirmişdi.