“Səhvlərimiz mimimum olmalıdır ki, bu komandanı keçə bilək”.
Bunu Offsideplus.az saytına açıqlamasında “Qarabağ”ın sabiq kapitanı Maksim Medvedev deyib.
O, bu gün keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” - “Ferentsvaroş” oyununda təmsilçimizin şanslarını dəyərləndirib:
“Hazırda Azərbaycan futbol ictimaiyyəti “Qarabağ”ın qrup mərhələsində oynamasını arzulayır. Bu arzuya da çox yaxınıq. İlk oyun pozitiv mesajlar verib, hesab da bizi qane edir. Ancaq yenə də nəzərə almaq lazımdır ki, rəqib yaxşı komandadır, səviyyəli futbolçuları var. Çox diqqətli olmalıyıq”.
Medvedev bildirib ki, Macarıstan təmsilçisi Bakıda nəticə üçün oynayacaq:
“Ola bilsin, “Ferentsvaroş” bu gün açıq futbol oynasın. “Qarabağ” isə təmkinli davranmalı, öz oyununu itirmədən yaxşı müdafiə olunmalıdır. Komandamızdan yaxşı əks-hücumlar gözləyirəm. Fikrimcə, bu gün oyun çox maraqlı olacaq. Heç-heçə də görə bilərik, böyükhesablı qələbə də. Görünən odur ki, komanda tam hazırdır. Əgər futbolçular baş məşqçinin tapşırıqlarını yerinə yetirsə, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.



