“Hər iki komandaya təşəkkür edirəm. Azarkeşlər üçün çox yaxşı oyun göstərdilər, meydanda yaxşı mübarizə var idi. Həm “Qarabağ, həm də “Neftçi” çox istəkli idi”.
Offsideplus.az xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 9-cu turunda b gün “Neftçi”yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis komandasının 2:0 hesablı qələbəsini belə şərh edib: “Futbolçularıma təşəkkür edirəm ki, bu gün xarakter göstərdilər, oyundan qopmadılar. Vacib oyun idi. İstəyirdik ki, dövrəni qələbə ilə başa vuraq. Bu da alındı. Bu stadionda oynamaq həmişə mən və futbolçular üçün çox xoşdur. Atmosfer həmişə yaxşı olur”.
Qurbanov ilk yarıda hakimə etiraz etməsinə belə aydınlıq gətirib: “Gərgin deyildim, oyunun içində idim. Bir neçə epizod oldu, bəlkə kənardan belə görürdük. Bəlkə də hakim sarı vərəqə verməli idi, vermədi, yaxud verməməli idi, əksinə verdi. Belə oyunda bəsit qərarlar olmaz. Ofsayd epizodunda gördüm ki, yox idi. Belə epizodları sona qədər buraxırlar. VAR var axı. O epizodla bağlı hakimə fikrimi bildirirdim”.
O, İsveç səfərindən sonra komandada müəyyən yorğunluğun olduğunu qeyd edib: “İlk dəqiqələrdən bəzi oyunçular oyuna qoşula bilmirdilər. Yalnız 10-15 dəqiqədən sonra rahat oynadılar. Komandada yorğunluq var idi və bu, normaldır. Çünki "Hekken"lə görüşdən heç 3 sutka keçməyib. Buna görə bir qədər narahatlığım da var idi. “Hekken”lə səfərdə yox, Bakıda oynasaydıq, daha rahat olardı. Gecəni yolda olduq. Belə oyunlarda xarakter lazımdır. Yorğunluğu beynindən atmaq, özünü məcbur etmək lazım idi. Oyunçuların hazırlığı son vaxtlarda yaxşı səviyyəyə qalxıb. Sağ olsunlar, həqiqətən sona kimi dinamikanı qoruyub-saxladılar”.
O, milli komandalara görə fasilə yaranmasının hazırda yaxşı formada olan “Qarabağ”ın xeyrinə, yoxsa ziyanına işləyəcəyi barədə sualı belə cavablandırıb: “Bu məqam bəzi oyunçulara yaxşı təsir edəcək, bəzilərinə pis. Burada qalanlara 3 gün istirahət verəcəyik ki, fiziki və psixoloji yorğunluqları arxada qalsın. Ancaq millidə oynayanlarımız var. Leo və Patrikin oyunu ayın 17-dədir. Halbuki ayın 21-də səfər oyunumuz var. Onların da səfər matçları haralardadır. İkinci oyunları Fransadadır, Avropadır. İstirahət mütləq lazımdır. Hər bir halda, futbolçu milliyə gedirsə, öz komandası üçün ən yaxşısını etməlidir. Gərginliyə və oyunlara dözməlidirlər”.
Qurbanov “Səbail”ə məğlubiyyətdən sonra 6 oyunda 6 fərqli heyətlə mübarizə aparıb, qalib gəlmələrinin səbəbini belə izah edib: “Hər bir komandada çöküş olan vaxt var. Vaxtında futbolçuları geri döndərmək lazımdır. Bilirdik ki, ciddi qrup və çempionat oyunları var. Biz daha çox vaxtı işimizə ayırdıq. Daha çox bazada olurduq. Rejimdəydik, əziyyət çəkdik, bəhrəsini gördük. Belə hallar olur. Bunu qoruyub-saxlamaq çətindir. Avrokubok oyunlarında futbolçular iki dəfə artıq yorulur”.
Qurbanov heyətlə bağlı bir sıra problemlərlə üzləşdiklərini vurğulayıb: “Bədavi zədələndi, Juninyonun oynaması risikli idi, Benziada ağrılar var idi. Amma həkimlər kollektivimizin bərpa və mikrozədə elementlərinə çox ciddi yanaşdılar, çox iş gördülər. Məncə, pis alınmadı. Böyük təcrübə oldu. Çünki bəzən elə olurdu ki, oyunun gedişatında Riçard Almeyda mərkəz müdafiəçisi oynayırdı. Rotasiyalar olurdu. Həm mənim üçün, həm də futbolçular üçün bu müddət böyük təcrübə oldu. Çətinlikləri düzgün qəbul edib, ona düzgün hazırlaşmaq hamımız üçün xoş oldu. Heç bir futbolçuya zədə arzulamıram. Azarkeş həmişə istəyir ki, yaxşı oyuna baxsın, meydanda sağlam, yaxşı futbolçular olsun. İnanıram ki, get-gedə bu problemlər də daha tez aradan qalxacaq. Təcrübə bunu deyir. Çox çalışdıq, bəhrəsini gördük”.
“Sizcə, Romao və Leandro Andrade yersiz sarı almadılar ki?” sualını “Qarabağ”ın çalışdırıcısı belə cavablandırıb: “Bəlkə yersiz verdilər? Bəli, bir az da sakit olmalıdırlar, özlərini intizamlı aparmalıdırlar. Amma belə epizodlarda hər iki oyunçuya eyni cəza ağır olur. Verməsəydi, daha yaxşı olardı. Azarkeş mübarizə istəyir”.
O, Bəhlul Mustafazadə və Bədavi Hüseynovun son durumundan da söz açıb: “Bəhlul dünən yüngül yürüş, qaçış etdi. Sınığı var idi. Tez bərpa olunan məsələ deyil. Belə zədələrdən sonra məşqlərə başlayanda ağrılar çoxalır. Bədavidə birinci dərəcəli dartılma var. 10 gün komanda ilə olmayacaq”.
Q.Qurbanov həm Juninyonun, həm də Cicanın fərqlənməsinə sevindiyini deyib: “Təki hamısı qol vursun. Sağlam kollektivimiz var. Cica qol vuranda, onu ən çox təbrik edən Juninyo oldu. Hamı bir-birinə hörmətlə yanaşır. Kollektiv olaraq hamımız dostuq”.