Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Kamerun və Mozambiklə oyunlar üçün Kabo-Verde yığmasına dəvət alan Patrik Andrade "Qarabağ" klubunun rəsmi saytına açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı oyunçu milliyə dəvət almasında komandasındakı uğurlu çıxışının əhəmiyyətli rol oynadığını bildirib:
“Çox sevincliyəm. Futbolçu karyerama başlayandan bəri həmişə arzum Kabo-Verde millisinin şərəfini qorumaq olub. Nəhayət, bu arzum reallaşıb. "Qarabağ"dakı çıxışımın milliyə dəvət almağımda böyük rolu oldu. Məhz bu komandaya keçəndən sonra Kabo-Verde yığmasına dəvət aldım. Afrika Millətlər Kubokunun seçmə mərhələsində iki oyun keçirəcəyik. Kamerunu evdə qəbul edəcəyik. Ölkəmdə oynamaq məni daha da sevindirir. Ümid edirəm ki, yığmaya müntəzəm dəvət alacağam. Bunun üçün də daim çalışmalı və məşqçilərin diqqətində olmalıyam".