"Maraqlı qarşılaşma oldu. "Sumqayıt"ın öz oyun üslubu var. Bilirdik ki, bizi çətin görüş gözləyir. Bundan əvvəl 1/8 finalda "Zaqatala" ilə matçımız da ağır keçmişdi. 10 günün içində 4-cü oyunumuzu keçiririk".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, belə sıx qrafik onlar üçün yenidir:
"Şükürlər olsun ki, bu oyunlar futbolçular ciddi zədələr almadılar. Bu gün 1/4 final mərhələsinin ilk oyununu keçirdik. Bu, yekun nəticə deyil. Cavab görüşündə bundan da ağır oyun bizi gözləyir. Hazırda əsas işimiz futbolçuları tez zamanda bərpa edib növbəti oyuna hazırlaşmaqdır. Bilirik ki, rəqib də asan təslim olmayan komandadır. Cütün taleyinə cavab görüşündə aydınlıq gələcək. "Sumqayıt"a da uğurlar arzu edirəm".
O, uzun müddət sonra rəsmi görüşə çıxan qapıçı Kamran Ağayev haqqında bunları söyləyib:
"Kamran bizim təcrübəli qapıçımızdır. Ona ölkə tarixində ən istedadlı qapıçı desək yanılmarıq. Uzun müddətdir ki, Kamranla çalışırıq. Çəkidən sonra tez bir zamanda bərpa olunmaq çətindir. Amma Kamran öz əziyyəti və çalışqanlığı ilə bu mərhələnin böyük hissəsini arxada qoyub. Bu gün vaxtı yetişmişdi, Kamranı əsas heyətdə meydana buraxdıq. Əslində bundan əvvəlki kubok matçında meydana buraxmağı düşünürdük. Sadəcə atasının yas mərasimi ilə bağlı evdə olmalı idi və bir neçə məşq buraxdı. Ondan sonra isə "Qarabağ"la oyuna az məşq etdiyi üçün risk etmədik. Bu gün artıq vaxtı yetişdi, artıq Kamran Ağayevi çalışacağıq ki, qapıda tez-tez görək. Hətta bu gün meydanda 90 dəqiqə qalmağı risk idi. İlk hissədə sonra az da olsa, ağrılar hiss edirdi. Amma Kamran xarakterli oyunçudur. Çətinlikləri geridə qoyub, onu yenidən futbolumuza qazandırmağı düşünürük. İnanıram ki, tezliklə formasını bərpa edəcək".
Baş məşqçi bu il qarşılarına başqa məqsədlər qoyduqlarını sözlərinə əlavə edib: "Çempionatda üçüncü yeri tutanda və bürünc medal qazananda sistem dəyişikliklərinə və ya bir sıra dəyişikliklərə əl atırdıq. Amma bu il daha çox oyunumuzu inkişaf etdirməyi düşünürük. Meydanda gənc futbolçuları daha çox görürsünüz. Onları milli komandaya qazandırmaq niyyətindəyik. Təcrübəli futbolçularımız da var, onların təcrübəsindən ən azı 2-3-4 il ölkə futbolunun faydalanmasını istəyirik".
Hacıyev "Sumqayıt"la cavab görüşünün cavab keçəcəyini vurğulayıb: "Rəqib asan məğlub olmur. Çempionatda turnir cədvəlinin üst pillələrindədirlər. Biz də rahat olmamalıyıq. Çalışacağıq ki, bundan da diqqətli olaq və istədiyimiz nəticəni qazanaq. Onlarla Premyer Liqada da qarşılaşacağıq. Bir-birimizi 3 oyunda görməkdən bezə bilərik. "Sumqayıt" bizə yaxın kollektivdir. Bundan sonra da onları görmək bizə xoşdur. Əsas odur ki, hamı maraqlı oyun izlədi".
Mütəxəssis bəzi futbolçuların ehtiyatda qalmasını oyunların çoxluğu ilə əlaqələndirib: "Heyətimizdə böyük dəyişiklər etdik. Bütün futbolçular bizə lazımdır. Heyətimiz geniş deyil, hər birində yararlanmağa çalışırıq" (Report).