Vətən Müharibəsində iştirak edənlər arasında 5 hakim olub.
Premyer Liqa, Birinci Divizion, Futzal və "U" liqalarında fit çalan Kamal Umudlu, Taleh Məmmədov, Nail Nağıyev, Əli Əliyev, Tural İbrahimov müharibə iştirakçılarından olub. Ədalət təmsilçilərinin müharibədə iştirak etməsi, bununla da ailələrindən uzaq düşməsi AFFA-nın birinci vitse-prezidenti və baş katibi Elxan Məmmədovu xeyirxah addım atmağa məcbur edib.
Offsideplus.az etibarlı mənbədən aldığı məlumat əsasında xəbər verir ki, Məmmədov adıçəkilənlərin hər birinin aylıq qazancını hesablarına köçürüb. Halbuki bunu etməyə də bilərmiş. Çünki qanunvericiliyə əsasən yalnız əmək müqaviləsi ilə çalışmış əsgər və zabitlərin məvacibləri hesaba "oturmalıydı". Hakimlər isə xidməti müqavilə ilə işlədiyindən, aylıq maaşlarını qonorar pulu təşkil edir. Belədə müharibə vaxtı şirkət və ya qurumun onlara maaş verməsi insanlıq məsələsinə bağlanır.
Məbləğ hansı şəkildə bölünüb? Həmin hakimlərin döyüş bölgəsinə yollanana qədər aylıq əmək haqqına baxılıb, əvvəlki aylıq qazanclarının məbləği oktyabr, noyabrd və dekabr ayları üçün bank hesablarına köçürülüb. Birinə 500, digərinə 1000, bir başqasına 2000...
Qeyd edək ki, yuxarıda adları göstərilən hakimlərin hamısı təxris olunaraq evinə qayıdıb. Şəhid olan, yaralanan olmayıb.