İkinci Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Murad Məmmədovla Fərid Dursunovu xatırlayırsız.
Muradın sevimli komandası "Qalatasaray" bağlı dediyi sözlərin əks olunduğu səs yazısı ürəkləri parçalamışdı. Fərid isə şəhid olacağı halda, məzarının üzərində Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray" bayrağının da dalğalanmasını vəsiyət etmişdi.
Bu iki şəhidin sarı-qırmızılı kluba olan sevgiləri böyük səs-küyə səbəb olmuş, hətta "Qalatasaray" rəhbərliyinə qədər gedib çatmışdı. Nəticədə İstanbul təmsilçisinin başqan tadımçısı Yusuf Günay Məmmədovla Dursunovun ailələri ilə əlaqə saxlayaraq onlara başsağlığı vermiş, gələcəklə bağlı planları diqqətə çatdırmışdı.
Offsideplus.az məsələni diqqət mərkəzində saxladığından, hadisələrin sonrakı axarı ilə tanış olmaq üçün Murad Məmmədovun qardaşı ilə əlaqə saxlamağı vacib bildi. Nurlan Məmmədovun dedikləri ilə tanış olaq: "Bəli, ötən ay "Qalatasaray"ın rəhbər şəxslərindən olan Yusuf Günay mənimlə əlaqə saxlamışdı. Şəhidlərə Allahdan rəhmət dilədi, klub olaraq atacaqları addımlardan danışdı. İdeyada Muradın səsinin hansısa ev oyununda səsləndirilməsi, həmçinin komandanın hansısa oyuna Muradla Fəridin adları yazılmış futbolkalarda çıxması var idi. Mən özüm də döyüşlər zamanı ön cəbhədə idim. Yusuf bəy mənim durumumu da soruşmuşdu, işləyib-işləmədiyimlə maraqlanmışdı. Bizi ailəlikcə İstanbula dəvət edəcəyini bildirmişdi. Hətta özü vurğulamışdı ki, bu, mənim şəxsi nömrəmdir. Hansısa çətinliyiniz, sualınız olsa, zəng edərsiz".
Həmin telefon danışığından bir aydan çox vaxt keçib, "Qalatasarar" bir neçə dəfə rəqiblərini "evdə" qəbul edib. Maraqlıdır, ideyanın gerçəkləşməsinə nə mane olur? Olmaya verilən sözlər yaddan çıxıb? Nurlan belə düşünmür: "Unudulduğuna qətiyyən inanmıram. Rəhbərlik səviyyəsində edilən söhbət yaddan çıxa bilməz. Məncə, burda əsas problem pandemiyadır. Görünür, rəhbərlik həmin ideyanın gerçəkləşməsi üçün azarkeşlərin stadiona buraxılmasını gözləyir. Stadionda Muradın sözlərinin səsləndirilməsi arena dolu olduğu halda daha effektli görünər. Yəqin hansısa planları var. Yenə deyirəm, unudulduğuna inanmıram".