Hazırda dünyada geniş yayılan koronavirus pandemiyasından ən çox təsir görənlərdən biri də futbol sahəsi olub.

Offsideplus.az xəbər verir ki, "KPMG Football Benchmark" konsaltinq şirkəti Avropanın "Top-5" liqasının maliyyə itkilərini hesablayıb. İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa çempionatlarının 3,45 milyard avrodan 4 milyard avroyadək ümumi gəlirdən məhrum olduqları müəyyənləşib.

Ən çox itkiyə İngiltərə Premyer Liqası məruz qalıb - 1,35 milyard avro. Bu məbləğin 800 milyon avrosu teleyayımın payına düşür.

İspaniya La Liqası teleyayımın ləğvindən 600 milyon avro, İtaliya A Seriyası 450 milyon avro, Almaniya Bundesliqası 400 milyon avro, Fransa Liqa 1-i isə 200 milyon avro itirə bilər.

Hesablama Avropa çempionatının 2021-ci ilədək təxirə salınmasına dair UEFA-nın qərarınadək aparılıb.

2019/2020 mövsümünü 30 iyunadək oynamaq mümkün olsa, itkilər bu qədər kritik olmaya bilər. Hazırda sözügedən liqalar, Çempionlar Liqası və Avropa Liqası oyunları daxil olmaqla 541 matçın aqibəti sual altındadır.