Bu gün Rusiyanın “Spartak” klubunun əvəzedici komandası ilə (2:2) qarşılaşan “Sabah”, Antalya toplanışını başa vurub.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Jelko Sopiç müsahibəsində Türkiyə toplanışını dəyərləndirib. Xorvat mütəxəssis əvvəlcə Antalyadakı son yoxlama oyunu barədə fikirlərini bildirib:
“Bu gün Antalya toplanışı çərçivəsində son yoxlama oyunumuzu keçirdik. Moskva “Spartak”ının gənclərdən ibarət komandası ilə 2:2 hesablı heç-heçə etdik. Bu matçda əsasən gənc futbolçulara şans verdik. Oyunun əvvəlindən sonuna kimi müxtəlif taktiki gedişləri sınaqdan keçirdik. Marko Deviç, Rəşad Eyubov və Məhəmməd Mirzəbəyov 90 dəqiqə meydanda oldular. Şadam ki, oyunu zədəsiz başa vurduq. Bu matçda qalib də gələ bilərdik, məğlub da ola bilərdik. Ancaq yoxlama oyunlarında nəticə vacib deyil”.
Sopiç təlim-məşq toplanışı barədə də fikirlərini bildirib:
“14 günlük Antalya toplanışından tam razı qaldım. Burda olduğumuz müddətdə hava şəraiti çox yaxşı oldu. Toplanışda planlaşdırdığımız hər şeyi həyata keçirə bildik. Futbolçularımız yaxşı hazırlıq keçdilər və onlardan tələb olunanı tam yerinə yetirdilər. Fikrimcə, bu hazırlıq müddətinin komandaya çox xeyri dəyəcək”.
Antalya toplanışında əsas komandaya bir neçə gənc futbolçu da qoşulmuşdu. Türkiyədəki hazırlıqda çempionatımızdakı limitə uyğun 10 gənc futbolçu iştirak etdi. Sopiç gənc futbolçuların çıxışından razı qaldığını bildirib:
“Antalya toplanışına 10 gənc futbolçuyla yollanmışdıq. Sevinirəm ki, yoxlama oyunlarında onların hər birinə şans verə bildik. Fikrimcə, onlar bu şansdan yaxşı yararlandılar. Ceyhun Nuriyev yoxlama oyunlarında 2 qol vurdu. Şans qazandığı qarşılaşmalarda yaxşı oynadı. Ancaq digər gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Onlar gələcəkdə də “Sabah”ın əsas komandasında şans qazana bilərlər. Bu cür gənc oyunçulara sahib olduğumuz üçün şadam”.