Keçmiş "Roma" və "İnter Milan" ulduzu Radja Nainqolan beynəlxalq səviyyədə Belçika milli komandasını seçdiyi üçün təəssüf hissi keçirdiyini bildirib.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı təcrübəli futbolçu atasının vətəni olan İndoneziyanı təmsil edəcəyi təqdirdə daha uzun və uğurlu bir beynəlxalq karyera yaşaya biləcəyini qeyd edib.
Belçikanın Het Belang van Limburg (HBvL) nəşrinə müsahibə verən Nainqolan gənclik illərində İndoneziya haqqında məlumatının olmadığını və atasının onu 5 yaşında tərk etməsi səbəbindən bu ölkə ilə əlaqələrinin kəsildiyini xatırladıb. Lakin 2013-cü ildə ölkəyə etdiyi səfərdən sonra baxış bucağı tamamilə dəyişib:
"Vaxtilə bu haqda düşünmürdüm, çünki İndoneziyanı tanımırdım. Lakin indi 38 yaşımda məsələyə fərqli yanaşıram. Roberto Martinesin rəhbərliyi altında Belçikada beynəlxalq karyeramın necə başa çatdığını nəzərə alsaq, İndoneziya millisi ilə tam 15 illik uzun bir karyeram ola bilərdi."
Vyetnam və İraq kimi rəqiblərə qarşı matçlarda stadionları dolduran 70,000 fanatik azarkeşin varlığı və milli komanda üzvlərinə göstərilən diqqət Nainqolanı dərin təsirləndirib.
Futbolçuların ölkədə kütləvi populyarlıq qazandığını deyən Nainqolan onların "Louis Vuitton", "Hublot" və "Rolex" kimi dünya şöhrətli brendlərlə kommersiya müqavilələri imzalamaq fürsətlərinə sahib olduğunu vurğulayıb.


