Barselona rəhbərliyi 2026-cı il dünya çempionatının qaliblərinin təltif olunması mərasimini ləğv edib.
Offsideplus.az xəbər verir ki, bu qərar "Elçe" ilə oyundan əvvəl stadion yaxınlığında katalon bayraqları ilə olan azarkeşlərin saxlanılması və onlardan bayraqların müsadirə olunması ilə bağlı insidentdən sonra verilib. Hətta saxlanılan azarkeşlərdən biri polis tərəfindən döyülüb. Oyun başa çatdıqdan sonra "Barselona" polis hərəkətlərini pisləyib.
Kataloniya klubu əvvəlcə dünya çempionatını qazanan futbolçular üçün bu cümə axşamı tədbir təşkil etməyi planlaşdırırdı. Lakin klub prezidenti Joan Laporta bunun əvəzinə katalon bayrağının nümayiş etdirilməsi üçün xüsusi aksiya keçirməyi təklif edib. Klub sonradan bildirib ki, tədbirdə heç bir çıxış və ya manifest olmayacaq, sadəcə bayraq sərbəst şəkildə nümayiş etdirilə biləcək.
Laporta qeyd edib: "Biz qərara gəldik ki, dünya çempionu olan Barselona oyunçularının təltif olunması üçün uyğun şərait və məqam yoxdur. Futbol birləşdirici olmalı, lazımsız qarşıdurmalara səbəb olmamalıdır".
O əlavə edib ki, İspaniya Kral Futbol Federasiyası bu addımın səbəblərini tam anlayıb.
Xatırladaq ki, İspaniya millisində çıxış edən və 2026-cı il dünya çempionatının qalibi olan Barselona oyunçuları Joan Qarsia, Erik Qarsia, Pedri, Pau Kubarsi, Gavi, Dani Olmo, Lamin Yamal və avqustda "Mançester Siti"dən "Barselona"ya keçən Rodri olub.


