"Barselona"nın prezidenti Joan Laporta "Atletiko"nun hücumçusu Xulian Alvaresin mümkün transferi ilə bağlı vəziyyətə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Laporta klubun Alvaresə böyük maraq göstərdiyini və təkliflərinin qəbul olunmasını istədiklərini deyib. O bildirib ki, "Atletiko" rəhbərliyi ilə uzun illərdir tanışdır və onlara hörmətlə yanaşır: "Biz kluba rəsmi təklif göndərdik. Telefon danışığında Migel Anxel Xil ilə bu təklifi təsdiqlədim. Onlar mənə dedilər ki, Xulian üçün əvəzləyici tapmadıqları üçün oyunçunu satmaq niyyətində deyillər. Mən isə cavab verdim ki, maraqlıyıq, amma onların qərarına hörmətlə yanaşırıq. Əgər yay transfer pəncərəsində əvəzləyici tapsalar, transferə maraqlı olardıq. Bundan sonra Deko ilə qərara gəldik ki, satış olmayacaqsa, bu məsələni təxirə salaq."

Laporta əlavə edib ki, sonradan "Atletiko"nun Alvaresin transferi ilə bağlı digər klublarla danışıqlar apardığı barədə məlumat əldə ediblər: "Biz hələ də təklif verməyə hazırıq, çünki hər kəs bilir ki, oyunçu "Barselona"ya keçmək istəyir. Bu məsələ böyük səs-küyə səbəb olub, amma "Barselona" burada heç bir qaydanı pozmayıb. Biz hər zaman olduğu kimi, digər klublara da eyni münasibət göstəririk. Təklifimiz qüvvədədir və əgər "Atletiko" oyunçunu satmaq istəsə, biz almağa hazırıq."

"Atletiko"nun mövqeyi isə belə olub: "Alvaresin "Barselona"ya satılması ehtimalı sıfırdır. Söhbət puldan yox, ləyaqətdən gedir. Bu vəziyyətdə yeganə zərərçəkən bizik."