Karlo Ançelotti bazar ertəsi Braziliya millisinin dünya çempionatı üçün heyətini açıqlayacaq və bütün ölkəni tək bir sual düşündürür: Neymar heyətdə olacaq, yoxsa yox?

Offsideplus.az xəbər verir ki, Braziliya yığmasının tarixində ən çox qol vuran futbolçu olan 34 yaşlı hücumçunun son illərdəki zədələri və "Santos"dakı qeyri-sabit çıxışı onun gələn ay başlayacaq DÇ-2026-dakı iştirakını sual altına qoyur.

"Reuters" nəşrinə müsahibə verən Ançelotti bu çətin qərar barədə bunları deyib:

"Neymar böyük istedaddır və ölkə üçün vacibdir. Son vaxtlar durumunu xeyli yaxşılaşdırıb və müntəzəm oynayır. Lakin seçim etmək asan deyil; müsbət və mənfi tərəfləri diqqətlə ölçüb-biçməliyik. Komanda yoldaşlarının onu çox sevdiyini və dəstəklədiyini bilirəm, amma son qərarı mən verməliyəm".

Avropanın "Böyük beşlik" liqalarının hamısında çempion olan və 5 dəfə Çempionlar Liqasını qazanan təcrübəli mütəxəssis, Neymarla bağlı qərarında həm futbolçunun nüfuzunu, həm də fiziki hazırlıq tələblərini nəzərə almalı olacaq.