“Real Betis” klubu son dönəmdə Sofyan Amrabatın transferi ilə bağlı qərarını yenidən nəzərdən keçirib və mərakeşli futbolçunun satınalma hüququnu istifadə etməmək qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, İspaniya təmsilçisinin bu qərarında bir neçə əsas amil rol oynayıb.
Əsas səbəb kimi 29 yaşlı futbolçunun maliyyəti göstərilir. Bildirilir ki, Amrabatın maaşı “Real Betis”in maaş balansına uyğun gəlmir.
Bundan əlavə, futbolçunun yaşı (29) da qərara təsir edən faktorlardan biri olub. Klub gələcəkdə daha yüksək transfer gəliri əldə etmək üçün gənc futbolçulara investisiya etməyi planlaşdırır.
“Real Betis” rəhbərliyi Amrabatın sakatlıq tarixçəsindən də narahatdır. Klub, təcrübəli yarımmüdafiəçinin eyni anda üç yüksək səviyyəli turnirin fiziki yükünü daşıya biləcəyinə şübhə ilə yanaşır.
Digər bir risk isə 2027-ci ildə Afrika Millətlər Kubokunun keçirilə bilmə ehtimalıdır. “Real Betis” rəhbərliyi mövsümün kritik mərhələsində əsas futbolçularını itirmək istəmir və bu səbəbdən Amrabatla bağlı risk almağı düşünmür.
Qeyd edək ki, Sofyan Amrabat bu mövsüm “Fənərbağça”dan icarəyə gəldiyi “Real Betis”də 11 oyunda forma geyinib. Futbolçunun hazırkı bazar dəyəri 12 milyon avro olaraq göstərilir və onun “Fənərbağça” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.



