Bir neçə gün əvvəl Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək milli komandanın heyəti açıqlanmışdı. Uzun illər yığma ilə beynəlxalq yarışlarda iştirak edən Vasif Durarbəylinin siyahıda olmaması qrossmeysterin etirazına səbəb olub. Şahmatçı onun komandadan uzaqlaşdırılmasınını federasiya prezidenti Mahir Məmmədovun adı ilə əlaqələndirib. Sözügedən qurum isə məsələyə səssiz qalmayıb.

Offsideplus.az xəbər verir ki, AŞF məsələ ilə bağlı açıqlama verib:

Qeyd olunub ki, Azərbaycan Şahmat Federasiyası hər bir şahmatçının yarışlarda iştirakını diqqətdə saxlayır, lazım olan köməkliyi əsirgəmir. İlbəil Azərbaycan çempionatının mükafat fondunu artırmaqla milliyə namizədlərin hamısının yarışda iştirakını təmin etməyə çalışır: 

"Milli komandanın heyəti şahmatçıların cari il ərzində daxili və beynəlxalq turnirlərdə, o cümlədən yerli yarışlar arasında ən önəmli sayılan – Azərbaycan çempionatında iştirakı, şahmatçının oyun hazırlığı, federasiyanın təşkil etdiyi məşqlərə qatılması, milli komanda dəyərlərinə hörmət etmək kimi prinsiplər əsas götürülür. Milliyə dəvət alan şahmatçı komandadaxili münasibətlərin və işgüzar ab-havanın möhkəmlənməsində iştirak etməli, komanda ruhuna sadiq olmalı və ümumi məqsədi şəxsi prinsipindən üstün saymalıdı. Millinin formalaşmasında şahmatçının FIDE reytinqi nəzərə alınır, lakin bu amil həlledici rol oynamır. Milli komandaya namizədlər Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvləriylə müzakirə edilir və yekun qərar qəbul olunur. 

Məlumatda bildirilir ki, bu il kişilərdən ibarət millinin heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı dəvət olunmaqla yanaşı, bir ehtiyat şahmatçı da seçilib:

"Milli komandanın heyəti formalaşarkən hər bir heyət üçün bir ehtiyat şahmatçı seçilib. Kişi və qadın şahmatçılardan ibarət komandalarda müvafiq olaraq Vasif Durarbəyli və Ayan Allahverdiyeva ehtiyat iştirakçı kimi siyahıya əlavə edilib. Milli komandanın əsas üzvləriylə yanaşı ehtiyatda adı qeyd olunan şahmatçılar da Azərbaycan Şahmat Federasiyası tərəfindən təqaüd proqramına daxil edilib". 

Xatırladaq ki, Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək davam edəcək.