Taekvondo üzrə Azərbaycan yığması Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında çıxışını başa vurub.
Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə yığmamızın daha bir üzvü fəxri kürsüyə yüksəlib.
58 kq-da çıxış edən Adil Eyvazov festivalı bürünc medalla başa vurub. 1/4 finalda Sandro Vazı (Mozambik) mübarizədən kənarlaşdıran taekvondoçu yarımfinalda Vladimir Misovla (Rusiya) üz-üzə gəlib. Döyüş rəqibin qələbəsi ilə yekunlaşdığından təmsilçimiz bürünc medal əldə edib.
Beləliklə, Beynəlxalq Universitet İdman Festivalına 6 taekvondoçu ilə yollanan yığmamızın 5 üzvü mükafat qazanıb. Baş məşqçi Məmməd Abdullayev və məşqçi Sənan Həşimovun rəhbərlik etdiyi komandada Eyvazovdan öncə Səyyad Dadaşov (54 kq) çempion tituluna yiyələnib. Vaqif Hacıyevlə (68 kq) Eltac Qafarov (80 kq) gümüş, Pərviz İsgəndərov (63 kq) isə bürünc medala sahib olub.