Boksçularımız Sloveniyanın Maribor şəhərində məktəblilər arasında keçirilən Avropa birinciliyini 4 medalla başa vurublar.
Offsideplus.az xəbər verir ki, 9 gün davam edən yarışda yığma üzvləri 2 qızıl, 2 bürünc medal qazanıblar.
Şahin Aslanov 52 kq çəki dərəcəsində Avropa çempionu tituluna yiyələnib. O, finalda Nikolay Nikolayevi (Bolqarıstan) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib.
Millinin ən ağırçəkili boksçusu Səftər Məmmədzadə (90 kq) də eyni uğura imza atıb. İdmançımız həlledici dueldə ukraynalı Yosip-Vladislav Kozakeviçi üstələyib - 5:0 (29:28, 29:28, 30:27, 30:26, 29:28).
Bürünc medalları Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) qazanıblar.
Ümumilikdə 32 ölkədən 380 boksçunun qatıldığı yarışda oğlanlardan ibarət Azərbaycan millisi 4 medalla Avropada dördüncüsü olub. Qitənin ən yaxşı komandası adına 12 medalla Ukrayna (6 qızıl, 1 gümüş, 5 bürünc) sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan yığması 2022-ci ildə Türkiyədə keçirilən Avropa birinciliyində 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etmişdi.