“Yarış yaxşı keçdi. Yarımfinalda bəzi səhvlərə yol verdim. Bundan başqa, hakim səhvləri də sözünü dedi. İki epizodda isə rəqibin arxasına keçib fənd etməyə imkan vermədilər".
Offsideplus.az xəbər verir ki, bu sözləri yunan-Roma güləşçimiz Eldəniz Əzizli Norveçin paytaxtı Oslodakı dünya çempionatındakı çıxışı barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
O, rəqiblərin zəif olmadığını bildirib: "Təsadüfi deyil ki, Yaponiya güləşçisi dünya çempionu oldu. Ümumi götürsək, medalsız qalmadığım üçün şadam. 2018-ci ildən başlayan AÇ və DÇ-lərdə medal qazanmaq ənənəsini davam etdirdim".
İdmançının sözlərinə görə, dünya çempionu olandan sonra uduzmaq istəmirsən: "Çünki qızıl medal qazanan idmançı sonradan "gümüş" və ya "bürünc" əldə edəndə bunu bir çoxları uğursuzluq kimi qələmə verir. Halbuki belə deyil. O fikirlə razıyam ki, son vaxtlar yarımfinal sindromu yaşayıram. Məsuliyyət hissinin böyük olması mənə rahat güləşməyə imkan vermir. Yarımfinalda güləşəndə bir az sıxılıram. Çalışacağam ki, bundan sonra bu mərhələyə psixoloji cəhətdən özümü tam hazır edim".
60 kq-da dünya üçüncüsü olan Murad Məmmədov isə yarış çox yüksək səviyyədə keçdiyini vurğulayıb: "Dünya çempionatında zəif rəqib olmur. Təlim-məşq toplanışlarını yaxşı keçmişdik. 5 görüş keçirdim. İlk 3 qarşılaşmada rahat qalib gəldim. Yarımfinalda Asiya çempionu və dünya ikincisi olmuş Qırğızıstan güləşçisiylə üz-üzə gəldim. Görüş ağır keçdi. Bir az səbrli və təmkinli olsaydım, qalib gələ bilərdim. Bir qədər tələskənlik finalı əlimdən aldı. Belarus güləşçisinə qalib gəlib dünya çempionatını 3-cü pillədə başa vurdum. Şükürlər olsun ki, medalsız qalmadım. Bürüncü və ya gümüşü daha sonra qızılla əvəz etmək olar. Əsas odur ki, DÇ-də ilk medalımı qazandım. İnanıram ki, gələn il öz sözümü layiqincə deyəcəyəm".