"Otoquro ilə final görüşündə hakimlərin Hacını sıxmağı vaxtilə bizimkilərin digər ölkərinin güləşçilərinin başına açdığı oyunların nəticəsi idi. Çətin olsa da deməliyəm ki, ilahi ədalət yerini tapır".

 
Offsideplus.az xəbər verir ki, bunu Fanat.Az-a Tokio 2020 Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə gümüş mükafatçısı Hacı Əliyevin atası Azər Əliyev deyib.
 
Eyni zamanda güləş mütəxəssisi olan ata, oğlunun hakim qərəzi ilə üzləşdiyini bildirib: "Yaponiyalıya hakim dəstəyinin olacağı gözlənilən idi. Doğrudur, fənd olduğu iddia edilən epizodda heç bir fənd və xaldan söhbət gedə bilməzdi. Bunu Hacıdan da qabaq mən demişdim. Amma hakimlər cərimə xalı lazım olan anlarda yaponiyalının əleyhinə qərar vermək istəmədilər. O kobudluqları Hacı etsəydi, ard-arda rəqibə xal yazılardı. Hesab 2:2 davam etsəydi, sona 3 saniyə qalsa belə, hakimlər bir yolla Otoquronun qalib gəlməsinə şərait yaradacaqdı. Buna adım kimi əminəm.
 
Güləşdə haqsızlıqlar çox olur. Əvvəllər yerli federasiyanın başında duran bəzi şəxslərin əli ilə çox əyri əməllər işlənib. Otoquro ilə final görüşündə hakimlərin Hacını sıxmağı vaxtilə bizimkilərin digər ölkələrin güləşçilərinin başına açdığı oyunların nəticəsi idi. Çətin olsa da deməliyəm ki, ilahi ədalət yerini tapır.
 
Hacıya qarşı Tokioda daha betər haqsızlıq olsaydı, mən bunu vaxtilə Azərbaycan Güləş Federasiyasının başında duran şəxslərin başımıza gətirdikləri ilə müqayisədə toy-bayram kimi qəbul edərdim. Biz bu yerlərə çox keşməkeşli yollardan keçərək, böyük məhrumiyyətlər hesabına gəlmişik.
 
Ancaq hər şeyə rəğmən, bizə dəstək olan insanlar da olub ki, onların adını mütləq qeyd etməliyəm. Çevik polis alayının komandiri, çox hörmətli Səhlab Bağırov mənim uşaqlıq dostumdur. Onunla bir yerdə böyümüşük. Səhlab müəllim Hacıya hər zaman əmilik edib. Ona hər cür köməklik göstərib, dayaq durub. Həmçinin millət vəkili Adil Əliyev öz dəstəyini əsirgəməyib".
 
A.Əliyev Hacının ötən il gözündən aldığı zədənin Olimpiadadakı çıxışına təsirindən danışıb: "Keçən il Belqradda keçirilən dünya kubokunda Hacı gözündən çox ciddi xəsarət almışdı. Gözünün biri tamam tutulmuşdu. 4 saatdan çox çəkən ağır əməliyyat keçirdi. İndi də bir gözünün görmə qabiliyyəti 30-35 faizdir. Çox adam bunu bilmir. 
 
Əməliyyatdan sonra məsləhət görmüşdüm ki, bu günə qədər etdikləri ilə kifayətlənib idmanı buraxsın. Amma razılaşmadı. Dedi, bura qədər gəlmişəmsə, bir gözlə də olsa Olimpiadaya da gedəcəyəm, orada bayrağı dalğalandırmaq üçün əlimdən gələni edəcəyəm. Dedi, mənim etdiklərim Qarabağda vuruşan əsgərlərin fədakarlığı qarşısında heç nədir. O zədə ilə Hacı Olimpiya Oyunlarında medal alıbsa, çox böyük işdir. Hacı bu gün idmanın qazisi, şəhididir".
 
Hazırda "Neftçi" İdman Klubunda məşqçi işləyən Əliyev Azərbaycan güləşinin gələcəyinə də toxunub. Respublikanın əməkdar məşqçisi ölkə güləşinin uçurum astanasında olduğunu deyib: "İndiki şəraitdə Hacı Əliyev, Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Ağahüseyn Mustafayev kimi güləşçilərin yetişməsi mümkünsüzdür. Başlar pul yeyintisinə qarışıb. Ümumiyyətlə, ölkədə uşaq idmanı məhv olub. Halbuki dövlət başçımızın idmana göstərdiyi qayğı dünyanın heç bir yerində yoxdur.
 
İndi yeniyetmə və gənclərdə nə qədər dünya və Avropa çempionatları olursa, bizimkilər ordan çempionluq, medalla qayıdır. Amma fakt budur ki, əksəriyyət etibarilə nə yeniyetməsi həqiqətən yeniyetmədir, nə gənci. Ona görədir ki, böyüklərin yarışında heç nə edə bilmirlər. Həqiqi potensialları üzə çıxır.
 
Ölkədə ciddi idman islahatlarına ehtiyac var. Yoxsa bu gedişlə biz Hacı, Cəbrayıl, Toğrul kimi güləşçilərin, eləcə də digər növlərdən olan məşhur idmançılarımızın, Olimpiya çempionlarının davamçılarını çətin görək. İllərini bu işə sərf etmiş adam kimi indiki durum mənim ürəyimi ağrıdır. İdmanla məşğul olan uşaqların əksəriyyəti kasıb, bir qismi orta təbəqənin uşaqlarıdır. Ayrı-ayrı yerlərdə zallara bir varlı adamın uşağı gələndə hamı sevinir ki, ay Allah, sənə şükür, bəlkə, bizim üstümüzə düşən yük azalar. Hamını idmandan iyrəndiriblər".
 
Xatırladaq ki, Hacı Əliyev finalda Takuto Otoquroya (Yaponiya) məğlub olaraq olimpiadada gümüş medala sahib olub.