“Çox sevinirəm ki, nəhayət, Olimpiya medalını qazandım”.
Offsideplus.az-ın məlumatına görə, bunu yunan-Roma güləşində Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan yığmasının üzvü Rafiq Hüseynov deyib.
77 kq çəki dərəcəsində yarışan ikiqat Avropa çempionu bürünc medal uğrunda görüşdə ermənistanlı Karapet Çalyanı məğlub edib.
33 yaşlı idmançı qarşılaşmadan sonra təəssüratlarını bölüşüb: “Bütün yarışlarda medallarım var idi, təkcə Olimpiadadan başqa. Hər dəfə bir problem çıxırdı, iştirak edə bilmirdim. Çox şadam ki, lisenziya qazanaraq, bu dəfə iştirak etdim. İdmanda erməni və ya başqa millətdən olan rəqibdə fərq qoymuram. Qələbə istənilən halda qələbədir. Əslində idmanda bu fikirlər düzgün yanaşma deyil. Ermənini udanda qəhrəman, ona uduzanda isə xalq düşməni olursan. Əsas odur ki, medal qazanmışam, bundan böyük qələbə yoxdur. Bu, atamın qələbəsidir”.