Avropa Super Liqasına qoşulmağa "hə" deyəndən sonra "Mançester Yunayted"də yaşananlar bir çox imkanlıları hərəkətə keçirdi.
Pulu olanlar qleyzerlərin istefaya göndəriləcəyini düşünüb əlini cibinə salmışdı ki, onlardan biri də Konor Makqreqor idi. Lakin məşhur MMA döyüşçüsü "qırmızı şeytanlar"ın səhmlərinin müəyyən hissəsinə yiyələnməyə imkanının çatmayacağını vaxtında anlayıb geri çəkildi.
Offsideplus.az "The Currency"ə istinadla xəbər verir ki, "Mançester Yunayted"i ala bilməyən Konor əvəzində pab alıb. İrlandiyanın paytaxtı Dublində yerləşən "Marble Arch Pub" kifayət qədər tanınır ki, bunun səbəbi zəngin tarixə sahib olmasıdır. Makqreqorun bunun üçün təxminən 2 milyon avro aralığında xərcə düşdüyü bildirilir.
Qeyd edək ki, UFC-nin ikiqat qalibi 2019-cu ildə məhz bu məkandakı qalmaqala görə qınağa səbəb olmuşdu. Belə ki, döyüşçü pabda onunla pivə bokallarını toqquşdurmaq istəməyən yaşlı kişini döymüşdü.