Stajlı boks həvəskarları 1997-ci ilin iyunun 28-ni yaxşı xatırlayır.
Həmin gün boks dünyasının ulduzları – Mayk Taysonla Evander Holifildin ikinci dueli baş tutmuşdu. İlk döyüşdə məğlub olan Tayson növbəti yenilgini göz önünə aldığından, rəqibinin qulağını dişləməkdən çəkinməmişdi.
Həmin hadisə milyonların təəccübünə səbəb olmuşdu ki, Mayk buna görə diskvalifikasiya olunmuş, 3 milyon dollar məbləğində cərimələnmişdi. Sonradan özünün avtobioqrafiyasında həmin an Holifildi öldürmək istədiyini yazmışdı.
Offsideplus.az “The Sun”a istinadən xəbər verir ki, əfsanələrin üçüncü dueli baş tuta bilər. Belə ki, döyüş təşkili ilə məşğul olan şirkətlərdən biri Tayson və Holifildlə yenidən rinqə çıxmaqla bağlı danışıq aparır. Məşhurlar razılıq verəcəyi halda, duel Dubayda təşkil olunacaq. Döyüş iştirakçıları üçün nəzərdə tutulmuş qonorar fondu isə fantastikdir – ikisinə birlikdə 200 milyon dollar.
Təşkilatçıların fikrincə, bu dəfəki döyüşə olan maraq 1997-dəkini unutduracaq.
54 yaşlı Tayson sonuncu döyüşünü 2020-nin noyabrında Roy Consa qarşı keçirib və heç-heçə qeydə alınıb. 58 yaşlı Holifild isə 2011-də danimarkalı Brayan Nilsenlə rinqə çıxıb və qalib gəlib.