Yunan-Roma güləşi üzrə millimizin türkiyəli baş məşqçisi Şaban Donat oxu.az-a müsahibə verib.
– Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının nəticələri sizi qane etdimi?
– Dediyiniz kimi, bu, Azərbaycan çempionatıdır. Biz burda ən yaxşı idmançılara baxırıq. Yeni ildə bizi Rumıniyada Avropa çempionatı, Belarusda II Avropa Oyunları və Qazaxıstanda dünya çempionatı gözləyir. Bu mötəbər turnirlər üçün bu uşaqların içərisindən ən yaxşılarını seçəcəyik. Sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatında hər çəkidə ilk XVI yeri tutmuş idmançı Olimpiadaya vəsiqə qazanacaq.
– Yığma üzvlərindən ölkə çempionatında gümüş və bürünc medal qazananlar oldu. Məsələn, 97 kq çəki dərəcəsində Orxan Nuriyev bürünc medal qazandı. Onlar yenidən yığmadan dəvət ala biləcək?
– Orxan çalışqan, gənc idmançıdır. O çəkidə qızıl və gümüş medal qazananlar, eləcə də Orxan yığmaya dəvət olunacaq.
– 77 kq-da vaxtı ilə dünya və Avropa çempionu olmuş Həsən Əliyev mübarizə aparsa da, medal qazana bilmədi. Onun iki ildir ki, yaşadığı enişin səbəbi nədədir?
– Onun enişin səbəbi bu olmasa da, çəkisini 60 kq-dan yuxarı qaldırması da ona təsirsiz ötüşmədi. Əsl səbəb isə Həsənin güləşin yeni qaydalarına uyğunlaşa bilməməsi oldu. O, köhnə qaydalarla nailiyyətlər qazanmışdı. Mən onda Türkiyə millisində çalışırdım. O, yeni qaydalara uyğunlaşa bilməməyincə uduzmağa davam etdi və özünə gələ bilmədi. Bu çempionatda da gənc idmançıya (gümüş medalçı Nəsir Həsənovu nəzərdə tutur – S.M.) uduzdu.
– Ümumiyyətlə, təcrübəli idmançının gəncə uduzması onun sonrakı psixoloji durumuna təsir edirmi?
– Əslində uduzması yaxşı oldu. Çünki bildi ki, ona rəqib var. Qalib gəlsəydi, arxayınlaşa bilərdi. Həsən Əliyev və Rəsul Çunayev vaxtı ilə təcrübəli Avropa çempionu, dünya üçüncüsü Vitali Rəhimovu udub bu yerə gəlib. Yəni hər təcrübəli idmançı belə yenilgilərdən dadıb.
– Gələcəkdə millimizin aparıcı üzvü ola biləcək gənclər varmı? Ad çəkə bilərsiniz?
– Məsələn, 87 kq-da bürünc medal uğrunda görüşdə uduzub V yeri tutan idmançı ilə maraqlandıq. Onu da yığmaya dəvət edəcəyik. 55 kq-da finalda uduzmuş Zaur Əliyev də yaxşı idmançıdır.
– Milli üzvlərindən Eldəniz Əzizli Almaniyada çıxış etdiyi üçün, Rəsul Çunayev və Sabah Şəriəti zədəli olduğuna görə Azərbaycan çempionatında çıxış etmədi...
– Rəsulun bədənində səpkisi var. Ona görə də müalicə alır. Sabah da dizindən əməliyyat olunub. Kim olur-olsun, hər çəkidə qızıl medal qazananlar yığmaya dəvət olunacaq. Yanvarın 12-13-də milli Bakıda bir araya gələcək. Gənclərdən ibarət millimizlə birgə məşq keçəcəyik.