O, 2018-ci ilin ən yaxşı idmançısı adına əsas namizəddir
Kumiri Rövşən Bayramov, hobbisi kitab oxumaq, xarakterinin əsas özəlliyi dürüstlükdür. Heç bir halda yalan danışmağı bacarmır. Dayısı - tanınmış futbol mütəxəssisi Şahin Diniyev onu yaşıl meydanda görmək istəsə də, güləşi seçib. "Yaxşı ki, belə qərar vermişəm, bir daha seçim etməli olsam, yenə güləşi seçərdim" deyir. Anlaşılandır. O, bu gün dünya və Avropa çempionudur. Hər iki uğuru cəmi bir ilə sığdırmaqla, böyük diqqət çəkib. Sona çatmaqda olan 2018-ci ilin ən yaxşı idmançısı adına əsas namizəddən - yunan-Roma güləşçisi Eldəniz Əzizlidən bəhs edirik.
Valideynlərindən xəbərsiz...
Çempionluqlara doymayan gənc
Əzizli 2008 və 2009-cu illərdə də Avropanın bir nömrəsi ünvanını heç kimə güzəştə getmir. 2010-cu ildə gənclər arasında debüt ili olsa da, o, həm Bolqarıstanda baş tutan Avropa, həm də Macarıstanda təşkil olunan dünya birinciliyinin qalibi olur. 2011-ci ildə gənclərin əsas qitə yarışında yenidən fəxri kürsünün ən yüksək pilləsində dayanır. Almaniyada keçirilən böyüklərin Avropa çempionatında isə üçüncü nəticə göstərir. Həmin ilin dekabrında Orxan Əhmədov və Elçin Əliyev kimi titullu pəhləvanları üstələməklə, böyüklərin respublika çempionatının qalibi adını qazanır. Növbəti ildə gənclər arasında Avropa çempionatını buraxsa da, Tailandda baş tutan dünya birinciliyində ikinci çempionluğunu bayram edir. 2013-cü ildə Kazanda təşkil olunan universiadada isə bürünc medalı boynundan asır.
Sükut
5 ilin 5 aya sığan "sığorta"sı
Yarış qaydaları və çəki sistemində tez-tez dəyişiklik etməklə ad çıxaran ali güləş qurumu, 2017-ci ildə çəki dərəcələrinə yenidən əl gəzdirir. Say səkkizdən ona qaldırılır, nəticədə, 55 kiloqram da bərpa olunur. Bununla da Eldənizin karyerasında yeni - möhtəşəm dövrün əsası qoyulur. Cari ilin may ayında Dağıstan respublikasının Kaspiysk şəhərində Avropa, oktyabrda isə Macarıstanın paytaxtı Budapeştdə dünya çempionu olan qəhrəmanımız, Azərbaycanın yunan-Roma güləşi tarixində ikinci belə uğura imza atıb. Belə ki, bir ildə hər iki titulu onadək sadəcə, Həsən Əliyev qazanmışdı. Yeri gəlmişkən, hər iki pəhləvanın şəxsi məşqçisi əməkdar məşqçi Vaqif Feyzullayevdir.
Çox güclü, əsl xarakter nümunəsi
Baş məşqçinin əminliyi
55 kiloqram çəki dərəcəsi Yay Olimpiya Oyunlarının proqramında yer almadığından, növbəti ildən Eldənizi 60 kiloqramda görəcəyik. Özü Avropa çempionatında hazırkı çəkisində çıxış edib, II Avropa oyunları və Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatına 60 kiloqramda hazırlaşmaq istəsə də, baş məşqçi Şaban Donat fərqli düşünür. Türkiyəli çalışdırıcı hesab edir ki, keçid nə qədər tez baş tutsa, o qədər effektli olacaq. Donatın Əzizli barədə düşüncələrini təqdim edirik: "Yaxşı insan olmadan, çempion olmaq mümkün deyil. Bu, mənim fəlsəfəmdir. Odur ki, Eldənizin xarakteri barədə geniş söhbət açmağa gərək yoxdur. Mən inanıram ki, o, 60 kiloqramda da uğurlu olacaq. Fiziki cəhətdən çox güclüdür. Üstəlik, növbəti ildən final proqramında 2 kilo artıq çəki ilə güləşməyə icazə verilməyəcək. Şərtlər 60 kiloqram və digər olimpiya çəkilərində çıxış edən güləşçilərin əksəriyyətinə heç cür sərf etmir. Eldəniz isə çəkisalmada heç bir problem yaşamayacaq deyə, rəqibləri qarşısında önəmli avantaja sahib olacaq. Ümid edirəm ki, o, Tokio olimpiadasında da sözünü deyəcək".
Kitabsız keçən gün, gün deyil
Eldəniz deyir ki, bu günədək bütün pis vərdişlərdən uzaq olub. Onun heç əyləncə ilə də arası yoxdur. İki övlad atası olan qəhrəmanımız, vaxtının çoxunu ailəsinə həsr edir.
Yaxın ünsiyyət qurduğu idmançılar yunan-Roma güləşi üzrə dünya çempionu, olimpiya mükafatçısı Rəsul Çunayev və digər komanda yoldaşı, Avropa çempionu Rafiq Hüseynovdur. Hər iki güləşçi ilə ailəvi dostluq münasibətləri var. Bu, o qədər möhkəm tellərə söykənir ki, Çunayev evini dəyişərək, Əzizligilin yaxınlığına köçüb. Eldənizin dediyinə görə, Rəsulun anası, o, çempion olduqdan sonra sevincindən göz yaşlarını saxlaya bilməyib. Belə qənaətə gəlmək olar ki, qəhrəmanımız güləşdə olduğu kimi, dostluqda da nümunəvi insandır.
Futbolda da istedadlı
Dayıya layiq oğul
Bugünkü səviyyəyə çatmağında Şahin Diniyevin böyük rol oynadığını, çətin dönəmlərdə həm maddi, həm də mənəvi cəhətdən dəstəyini əsirgəmədiyini deyir. İlk beynəlxalq yarışlara dayısının köməyi ilə gedib. O da öz növbəsində, heç vaxt borclu qalmayıb. Hər dəfə maksimum nəticə ilə Diniyevin üzünü ağ edib.