Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, komanda son turda Argentina ilə qarşılaşmada 1:4 hesabı ilə darmadağın olub. Bu məğlubiyyət komandadakı böhranı daha da dərinləşdirib və baş məşqçi Dorival Juniorun gələcəyi sual altına düşüb.
Yayılan məlumatlara görə, Braziliya Futbol Federasiyası məşqçi dəyişikliyi barədə ciddi düşünür. Əsas namizədlərdən biri Madrid “Real”ının baş məşqçisi Karlo Ançelottidir. İtaliyalı mütəxəssis artıq yaxın ətrafına Braziliya millisinin baş məşqçisi postuna keçidi dəyərləndirə biləcəyini bildirib. Qeyd edək ki, Ançelottinin “Real” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Braziliya millisinin keçmiş futbolçusu Felip Melo da komandanın son çıxışından narazı qalıb. O, Argentina ilə oyundan sonra futbolçuların mentalitetini sərt tənqid edib. “Yaxşı oyunçular var, amma heç bir motivasiya yoxdur. Kim mənə desə ki, Neymar bu komandaya lazım deyil, onu blok edəcəyəm. Neymar bir ayağıyla da oynasa, bu komandanın 10 nömrəsi olmalıdır”, – deyə Melo bildirib.
Komandanın liderlərindən biri, İspaniya nəhənginin hücumçusu Vinisius Junior isə Argentina millisinin uğurlarını etiraf edib. O bildirib ki, argentinalı futbolçular uzun illərdir birlikdə oynayırlar və bir-birlərini daha yaxşı başa düşürlər. “Biz də öz yolumuzu tapmağa çalışırıq, azarkeşlərin etimadını qazanmaq istəyirik”, – deyə braziliyalı ulduz vurğulayıb.
Hazırda Argentina 14 turdan sonra seçmə mərhələ qrupunda liderliyini təmin edib və mundiala vəsiqəni təmin edib. Braziliya isə 4-cü pillədə qərarlaşıb və komandanın gələcəyi ilə bağlı ciddi suallar yaranıb.