"Fikrimcə, Qazaxıstan və Belarusla matçlarda 4 xal götürməliydik".

 Bu sözləri Offsideplus.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Kamal Quliyev bu gün yığmamızın Millətlər Liqasında Slovakiyaya qarşı keçirəcəyi oyun haqda danışarkən deyib.

O, millimizin 2-3 gündən bir oyuna keçirməsinin komandaya çətinlik yaratdığını deyib:

"Biz 2-3 gündən bir oyun keçirməyə öyrəşməmişik. Bu da yığmanın oyununa təsir edən amildir. Düzdür, bəzən ölkə çempionatında belə hallar olur, amma uyğunlaşma məsələsi var. Bunu da bəhanə gətirmək olmaz, çünki Qazaxıstan və Belarus dişimizə görə rəqib idi".

Quliyev baş məşqçi Canni de Byazinin müdafiə futbolu oynatmasını tənqid edib:

"Hər kəs De Byazinin müdafiə futbolu oynadacağını bilir. İndi hər kəs hücum futbolu oynayır. Biz bu taktikanı götürməliyik. Demirəm ki, müdafiəni unudasan, sadəcə, 2 oyunçu ilə hücumda rəqibə nəsə edə bilmərsən".

Təcrübəli mütəxəssis Slovakiyanın Qazaxıstan və Belarusdan üstün olduğunu bildirib:

"Hər kəs bilir ki, Slovakiya qrupun favoritidir. Onların heyətlərində yer alan futbolçuların Avropa təcrübəsi böyükdür. Unutmayaq ki, bizim də qanımızda döyüşkənlik ruhu var. İnanıram ki, milli bu gün meydanda yaxşı mübarizə aparacaq".

Cavid Əliyev