Millimiz 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinə bərbad start verdi.

Biri yoldaşlıq görüşü olmaqla üç oyun və üçündə də məğlubiyyət. Nəticə bir yana, komandamızdan şahidi olmaq istədiyimiz oyunu da görə bilmədik. Qətərlə yoldaşlıq matçının ilk hissəsində seçməmiz yaxşı təsir bağışladı, ancaq ikinci yarıda bunun davamı gəlmədi. Bizim üçün ən vacib oyunlardan biri dünən, Bakı Olimpiya Stadionunda baş tutan Serbiya ilə görüş idi. Serblərdən xal alacağımıza güman çox idi. Rəqibin ikinci hissədəki boşluqlarından istifadə edib hesabda önə keçə bilərdik, o da olmadı. Deyiləsi sözlər, veriləsi suallar çoxdur. Bu gün futbol ictimaiyyətimizin tanınmış simalarından yığmamızın çıxışı və ən ümdə problemin nə olduğunu soruşduq.

Futbol mütəxəssislərimiz və idman jurnalistlərimizin Offsideplus.az-a verdiyi şərhləri diqqətinizə çatdırırıq:

Mahir Rüstəmli, "Futbol+" qəzetinin baş redaktoru: "Yığma ilə bağlı vəziyyət o qədər faciəvi və qarışıqdı ki, şəxsən mən konkret hansı məqamın üzərində dayanacağımı bilmirəm. Bu üç oyunun nəticəsindən daha çox yığmanın ifasında gördüyüm oyun, futbolçuların meydandakı qorxaqlığı, baş məşqçinin hədsiz ehtiyatlı taktikası məni məyus etdi. Belə görünür ki, biz qitənin beş ən zəif yığması arasındayıq. Gələn il yığmanın ilk oyuna çıxmasının 30 ili tamam olur. Futbol təsərrüfatının bütün qatlarında – təbii ki, futboldan yazan jurnalistikada da – problemlər qalaqlanıb. Uşaq futbolundan ən üst səviyyəyə qədər verilən yanlış qərarlar gətirib ona çıxarır ki, Azərbaycanın ən güclü futbolçularının heyətində yer aldığı yığma nəinki 90, heç 9 dəqiqə də meydanda dominantlıq edə bilmir, futbolçular topa nəzarət əvəzinə onu rəqibə verməyi üstün tuturlar. Baş məşqçinin yanlış qərarları, AFFA səviyyəsində yığmaya münasibətdə bəzi çatışmazlıqlar da var. Amma əsas məqam budu ki, ölkəmizin ən güclü futbolçuları qitədən olan həmkarları önündə çox gücsüz görünür, miskin duruma düşürlər. Təxminən 30 ilə yaxın müddətdə futbolla yaxından maraqlanan, daim problemlərin işıqlandırılmasına, onların həllinə çalışan jurnalist kimi bu məqam şəxsən mənə çox təsir edir, bəzən hətta özümü də mənəvi cəhətdən günahkar sayıram. Nələrsə dəyişməlidi, amma həmin nələrsə dəyişəndən sonra vəziyyətin düzələcəyinə də o qədər inanmıram..."

Yunis Hüseynov, mütəxəssis: "Portuqaliya bilirsiniz ki, Avropa çempionudur, güclü komandalardan biridir. Serbiya da demək olar ki, qrupun favorit sayılanlarındandır. Qətərlə yoldaşlıq oyununda isə ilk hissədə yaxşı oyun ortaya qoydular. Lakin əfsuslar olsun ki, ikinci hissədə bir az zəif çıxış etdilər və nəticədə məğlub oldular. Dünənki qarşılaşmaya gəlincə isə, oyun müdafiə üzərində qurulmuşdu. Müdafiədə qapımız qarşısında çətinlik yaratmaqda rəqib komandaya imkan vermirdik. Düzdür, hər iki qolda Mitroviç imkanlardan yaxşı istifadə etdi. Hücum xəttində çatışmazlıqlar vardı. Milli komandanın yaxşı oynaması üçün gərək bizim futbolçularımız legioner həyatı yaşasın. Lüksemburq barədə hamı deyir ki, balaca ölkədir, futbolçularına fikir versək, hamısı xaricdə çıxış edir. Yadınıza gəlirsə, Ramil Şeydayev Rusiya çempionatında çıxış edirdi. Orada çıxış etdiyi zaman milliyə gələndə hər kəsdən seçilirdi. Azərbaycan Premyer Liqasına gələndən sonra səviyyəsi aşağı düşdü. Məncə, bizim futbolçularımız öz üzərində çalışmalıdırlar ki, gedib xarici klublarda oynasınlar. Düzdür, hansısa yerli futbolçunun bu dəqiqə xarici klublarda çıxış etmək sözü inandırıcı deyil. Lakin barmaqla sayılacaq futbolçular var ki, ən azından Türkiyənin ortabab klublarında çıxış edə bilərlər. İstəsələr yaxşı nəticə göstərə bilərlər. Məşqçi haqqında heç vaxt fikir bildirmirəm. Onun futbola baxışı, fəlsəfəsi o cürdür. Seçimi elədir ki, oynatmaq istəmir. Öz oyun üslubuna uyğun olaraq məsləhət bildiyi futbolçuları oynadır".

Rəşad Ergün, "Komanda.az" saytının baş redaktoru: "Məsələ milli komanda deyil təkcə. Bu mövsüm "Qarabağ"dan başqa, hansı klubumuz avrokuboklarda uğurlu çıxış etdi? Heç biri. "Qarabağ" da sırf legionerlərin hesabına hər il qruplara vəsiqə qazanır, ondan o tərəfə gücü çatmır. Hər şey zəncirvari bir-birinə bağlıdır. Hər dəfə tapşırıqla AFFA prezidenti "seçilən" Rövnəq Abdullayev, futbolun hesabına ciblərini dolduran Elxan Məmmədovdan tutmuş, savadsız uşaq məşqçilərinə kimi. Özümüzü öldürməyəcəyik ki, azərbaycanlı futbolçunun gücü, səviyyəsi budur. Onu bu cür "şikəst" yetişdiriblər. Futbol zəkası, ayağında gücü olsaydı, burda nə gəzirdi? Yalan söhbətdir ki, bizim futbolçular menecer işi zəifdir deyə, xaricə gedə bilmir. Neçəsi gedib, hamısı da üstümüzə qayıdıb. Futbol səviyyələri çox aşağıdır. Bunun da əsas günahı ölkədə uşaq futbolunun inkişafı üçün heç bir iş görməyən, ya da gözə kül üfürən AFFA-nın alverçi ruhlu rəhbərliyində, bu rəhbərliyin Azərbaycan futbolunun anasını ağlatmasına göz yuman, onları bu postlarda saxlayanlarda, ya da saxlayandadır. Arada özümüz futbol oynayanda görürəm uşaq məşqçiləri necə məşq keçir. O məşqlərlə futbolçu yetişməz. Yetişən də milli komandadakılar kimi olar, meydana çıxdığı hər oyunda uduzar. Hər şey kökündən dəyişməlidir. Bunu hər dəfə deyirik, xeyri olmur. Çünki futbola rəhbər təyin olunanlar boş adamlardır, futbol cahilləridir".

Ağasəlim Mircavadov, mütəxəssis: "Mən deyərdim ki, səbəb ümumi futbolumuzdur. Oyunçular yerli klublardan gəlir və tam hazır formada olmalıdırlar. Millimizdə bir futbolçu xaricdən gəlib ki bu da Anatoli Nuriyevdir (Ukrayna, "Minay"). Bilirsiniz ki, yığmamıza yeni oyunçular cəlb edilir, cavanlar gəlir. Komandada nəsildəyişmə prosesi gedir. Qayda belədir, bunu da nəzərə almaq lazımdır. Gələn oyunçular əsas klublarda çox işləməlidirlər, komandalarının lideri olmalıdırlar. Bu, həm onların özü, həm klubları, həm də baş məşqçi üçün çox müsbət təsirini göstərər. Namiq Ələgərova gəldikdə, mən bu oyunçunu həmişə cinahda görmüşəm. Həm cinah oyunçusu, həm də hücumameyilli futbolçu. Qol vəziyyətləri yarada bilir, bitiriciliyi də var. Əlbəttə, bu mənim fikrimdir ki, Namiq oynamalı idi. Bir də, Mahir Emreli zədələndikdən sonra hücumçumuz qalmamışdı. Bu artıq başqa bir mövzudur. Açıq danışsaq, bu gün Azərbaycanda bu gün o qədər futbolçu yoxdur ki birini çağırasan, digərini yox. Bu futbolçu əgər qol vurmağı bacarırsa, əlbəttə, ondan istifadə etmək lazımdır. Namiqə bir tövsiyyə vermək istərdim ki, bu hallara fikir verməsin, öz üzərində çalışsın. Məsələn, Emin Mahmudovu da Canni de Byazi əvvəl milliyə dəvət edirdi, sonra çağırmadı. Ancaq bu gün Mahmudov "Neftçi"də lider oyunçudur. Mən təsəvvür edə bilmirəm ki, Eminsiz "Neftçi" necə oynayayar. Hər məşqçinin öz planı, fəlsəfəsi var. Yenə də deyirəm, bu gün bizdə hücumçu problemi var və hər futbolçudan istifadə etmək lazımdır".

Daşqın Əziz