Azərbaycanlı futbol agenti Emil Şükürovun xarici şirkətlə əməkdaşlıq etməyə başlaması haqda xəbər vermişdik.
Offsideplus.az xəbər verir ki, "Scoreunderscore" kampaniyası ilə iş birliyi görən təcrübəli vasitəçi bir qədər əvvəl "YouTube" sosial şəbəkəsində canlı yayıma qoşulub.
Azərbaycanlı futbolçuların yaxın gələcəkdə legioner həyatı yaşaması məsələsinə toxunan Emil Şükürov bir sıra vacib nüanslara aydınlıq gətirib.
O, azərbaycanlı futbolçuların xarici dil bilməli olduqlarının əsas şərtlərdən olduğunu deyib:
"Əgər sən xaricə futbol oynamağa gedirsənsə, həmin ölkənin dilini də bilməlisən. Bu çox böyük üstünlükdür. Mən futbolçularımızı qarşı tərəfə təqdim edəcəyəmsə, mütləq şəkildə onların yaxşı və eyni zamanda uğursuz görüntülərini də nümayiş etdirməliyəm. Futbolçular da öz üzərlərində işləməli və çatışmayan cəhətləri aradan qaldırmağa çalışmalıdır. Qarşı tərəf də başa düşsün ki, bu futbolçuda nə əskikliklər var və nəyin üzərində daha çox işləməlidir. Bir sözlə, futbolçularımıza səslənirəm ki, köçməyə hazır olsunlar. Ancaq, turist kimi gəzməyə yox, həqiqətən də etimadı doğrultmağa (gülür)"